2016-12-23

Azərbaycan səfirinin “Şalom” radiosunda müsahibəsi yayımlanıb

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovun bu ölkədəki “Şalom” yəhudi radiosunda müsahibəsi yayımlanıb.

Müsahibədə Azərbaycan-İsrail münasibətlərindən danışılıb. İsrailin Baş naziri Benyamin Netanyahunun ölkəmizə rəsmi səfərinin iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəsini əks etdirdiyi bildirilib. Bu səfərin iki ölkə arasında strateji tərəfdaşlığın, siyasi, təhlükəsizlik və enerji sahələrində inkişaf etmiş münasibətlərin nəticəsi olduğu qeyd olunub. Ölkəmizdə yaşayan yəhudi icması haqqında məlumat verilib. İki ölkə arasındakı hərbi sahədəki münasibətlərə toxunulub.

Diplomat Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və onun ətrafında 7 rayonunun Ermənistanın işğal etdiyini və bu ərazilərdə etnik təmizləmə apardığını diqqətə çatdırıb. Ermənistanın qeyri-konstruktiv mövqe tutduğunu, mövcud status-kvonu saxlamağa çalışdığını qeyd edib.

Böyük İpək Yolu üzərində yerləşən Azərbaycanın tolerant və dünyəvi ölkə olduğu, bütün qonşu dövlətlərlə xoş münasibətlər saxladığı diqqətə çatdırılıb.

Arxiv üzrə axtarış