2017-05-18

Fransa şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi üçün əlverişli imkanlar var (Azertag.az)

Mayın 18-də Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2017” və XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro 2017” sərgiləri çərçivəsində keçirilən Fransa təcrübəsi üzrə texniki seminarda bu ölkənin respublikamızdakı səfiri xanım Orelia Buşez və Fransanın iş adamları ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, nazir müavini Azərbaycan və Fransa arasında siyasi, həmçinin kənd təsərrüfatı sahəsində əlaqələrin yüksək səviyyədə olduğunu bildirib, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin və keçirilən görüşlərin mühüm əhəmiyyətini vurğulayıb.

S.Talıbov qeyd edib ki, Azərbaycan ilə Fransa arasında iqtisadiyyatın digər sahələrində olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlıq əlaqələri genişlənib və bu istiqamətdə qarşılıqlı səmərəli işlər həyata keçirilir. Belə ki, Göygöl rayonunda Süni Mayalama Mərkəzinin yaradılmasında və müasir avadanlıqla təchiz olunmasında Fransa şirkətləri və mütəxəssisləri də iştirak edib. Azərbaycanın kənd təsərrüfatında heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması məqsədilə Fransanın “Şarole” cinsi, xırdabuynuzlu cins damazlıq heyvanları (alpin keçiləri) ölkəyə gətirilərək lizinq yolu ilə fermer və sahibkarlara verilib. Quba rayonunda bu ölkədən gətirilən və Fransa texnologiyasından istifadə etməklə yetişdirilən alma tinglərindən istifadə olunur. Elektron kənd təsərrüfatı sisteminin yaradılmasında da fransız mütəxəssisləri iştirak edirlər.

Nazir müavini diqqətə çatdırıb ki, Strateji Yol Xəritəsinə uyğun olaraq bu gün Kənd Təsərrüfatı Nazirliyinin qarşısında bir çox vəzifələr qoyulub. Bazar iqtisadiyyatının formalaşdırılması, əlverişli biznes mühitinin yaradılması və rəqabət qabiliyyətli məhsul istehsal edilməsi əsas hədəflərdir. Bitkiçilikdə sertifikatlaşdırılmış toxum bazasının yaradılması, tingçiliyin inkişafı da artıq həyata keçirilir. Aqrokimya laboratoriyaları şəbəkəsinin yaradılması, onların müasir avadanlıqlarla təchizatı və kadr hazırlığı məsələləri öz həllini tapıb. Bununla da kütləvi torpaq analizinin aparılması təmin olunacaq. Eyni zamanda, sənayeyönümlü məhsulların istehsalı bir vəzifə kimi qarşıya qoyulub.

Qeyd olunub ki, bu gün “Business France” Agentliyi tərəfindən təşkil olunan Fransa təcrübəsi üzrə texniki seminar hər iki ölkənin biznes qurumlarının birgə fəaliyyətinə və qarşılıqlı təcrübə mübadiləsinin artırılmasına və kənd təsərrüfatı sahəsində əlaqələrinin genişləndirilməsinə öz töhfəsini verəcək.

Seminarda Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Tariyel Pənahov “Azərbaycanda üzümçülük və şərabçılığın inkişaf perspektivləri” mövzusunda çıxış edib.

Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib. Səfir hazırkı iqtisadi şəraitdə ölkəmizdə həyata keçirilən aqrar islahatları yüksək qiymətləndirib, Fransa şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi üçün əlverişli imkanların olduğunu qeyd edib və iki ölkə arasında aqrar sahədə əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Arxiv üzrə axtarış