2017-05-24

Parisdə 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.(AzerTac.az)

Parisdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin Fransadakı səfirliyi və UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.

Tədbirdə Fransanın yüksək vəzifəli rəsmiləri, Xarici İşlər, Müdafiə nazirliklərinin əməkdaşları, senatorlar, Milli Assambleyanın deputatları, ölkədə akkreditə olunmuş diplomatik korpusun, eləcə də işgüzar dairələrin nümayəndələri, Azərbaycanın Dostları Assosiasiyasının üzvləri, bu ölkədə yaşayan soydaşlarımız və tələbələr iştirak ediblər.

Mərasimdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bir sıra çətinliklərlə qarşılaşıb, Ermənistanın hərbi təcavüzü nəticəsində ərazisinin 20 faizi işğal edilib. Bütün bunlara baxmayaraq, Azərbaycan sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilib, regionun enerji və nəqliyyat təhlükəsizliyini təmin edən bir sıra mühüm layihələr həyata keçirib.

Rəsmi qəbul ziyafətlə davam edib.

28 May - Respublika Günü münasibətilə rəsmi qəbulda iştirak edən Avropa parlamentarisi, Parisin 7-ci rayonunun meri Rəşidə Dati ölkəmizə heyran olduğunu bildirib. Azərbaycanı tanıdığı andan ölkəmizə bağlandığını, Bakının ona çox doğma olduğunu vurğulayıb. Azərbaycan xalqının qonaqpərvərliyindən danışan Rəşidə Dati ölkəmizin qədim sivilizasiyaya və tarixə malik olduğunu diqqətə çatdırıb.

“Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ölkənin inkişafına müstəsna töhfələr veriblər. Mədəniyyət, təhsil, gender bərabərliyi sahəsində nəzərəçarpacaq irəliləyişlər əldə edilib. Bütün bunlar ölkənizin inkişafının göstəriciləridir. Mehriban xanım Əliyevaya böyük hörmətim var. O, ölkəsini böyük məhəbbətlə, fədakarlıqla təşviq və müdafiə edir. Azərbaycan xalqı, həmçinin biz Avropa parlamentariləri mədəniyyətlərarası dialoqa, eləcə də ölkənizin ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafına verdiyi töhfələrə görə Mehriban Əliyevaya minnətdarıq. Bir Fransa vətəndaşı olaraq Mehriban Əliyevaya Azərbaycan mədəniyyətini bizə yaxından tanıtdığı üçün təşəkkür edirəm”, - deyə Rəşidə Dati vurğulayıb.

Filippinin Fransadakı səfiri Mariya Tereza Lazaro Bakıda keçirilən multikulturalizm, mədəniyyətlərarası dialoqla bağlı forumlarda iştirakından söz açıb. Bildirib ki, belə forumlar çox məhsuldardır və bütün dünya ölkələrinin gündəmindədir. Azərbaycan belə bir dialoq platforması yaratmaqla bütün dünyaya sülhün, harmoniyanın yolunu göstərib və göstərir. Ölkəmizə səfəri çərçivəsində Bakının görməli məkanları ilə tanışlığından danışan səfir paytaxtımızın Şərq ilə Qərb arasında körpü olan ecazkar bir şəhər olduğunu vurğulayıb. Vurğulayıb ki, özündə zəngin tarixi irsi yaşadan Bakı müasir tikililəri ilə göz oxşayır. Diplomat Azərbaycan dövlətinə bundan sonra da tərəqqi və inkişaf arzulayıb.

Fransalı jurnalist Gilmi Heli qeyd edib ki, Azərbaycan dinamik inkişaf edən, sabit bir ölkədir. Ölkəmizin müasirliyi, unikallığı haqqında eşitdiyini, amma bir müddət əvvəl Bakıya səfəri zamanı bunun əyani şahidi olduğunu diqqətə çatdırıb. Diqqətə çatdırıb ki, çox mürəkkəb regionda yerləşməsinə baxmayaraq, Azərbaycan daxili iqtisadi inkişafını təmin edib, qonşu ölkələrlə sağlam qarşılıqlı əlaqələr qura bilib. O deyib: “Azərbaycan Fransa üçün regionun ən mühüm əhəmiyyətə malik dövlətidir. Azərbaycan sabit iqtisadi tərəfdaş, enerji resursları qaynağı kimi Avropanın həyatında mühüm rol oynayır”.

On beş ildir Azərbaycana gedib-gəldiyini deyən fransalı dizayner Jan Klod Jitrua bildirib: “Ölkənizdə incəsənətin yüksək inkişafının şahidi olmuşam. Eyni zamanda, Venesiyada, Parisdə təşkil olunan beynəlxalq sərgilərdə Azərbaycan pavilyonlarını ziyarət etmişəm. Azərbaycanın dostuyam və həmişə də dostu olaraq qalacağam. Yaşasın Azərbaycan və azərbaycanlılar!”.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Arxiv üzrə axtarış