2017-06-29

Azərbaycan və Fransanın universitetləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb (AzerTac.az)

İyunun 29-da Azərbaycan Texniki Universitetinin (AzTU) rektor əvəzi Xalıq Yahudov Fransanın Valenciennes Universitetinin prezidenti, professor Abdelhakim Artibanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə AZƏRTAC-a AzTU-dan məlumat verilib.

Görüşdə AzTU-nun rektor əvəzi Xalıq Yahudov Fransanın Valenciennes Universiteti ilə əməkdaşlığa maraqlı olduqlarını bildirib. Qonaqlara universitet haqqında ətraflı məlumat verən rektor əvəzi ölkəmizdə sənayenin inkişaf etdirilməsi üçün görülən işlərdən və bu sahəyə göstərilən dövlət qayğısından danışıb. Xalıq Yahudov qeyd edib ki, Azərbaycanın sənaye müəssisələrinin və infrastrukturunun idarə olunmasında AzTU-nun məzunlarının müstəsna əməyi var. Universitetdə maşınqayırma, metallurgiya, nəqliyyat, rabitə və bu kimi mühüm sahələr üçün yüksəkixtisaslı mühəndis kadrlar hazırlandığı diqqətə çatdırılıb.

Abdelhakim Artiba da öz növbəsində rəhbərlik etdiyi universitetin tədris prosesi, əməkdaşlıq əlaqələri, maddi-texniki bazası barədə məlumat verib. Qonaq AzTU haqqında ilkin təəssüratını bölüşərək iki universitet arasında geniş əməkdaşlıq imkanlarının mövcud olduğunu qeyd edib.

Görüşdə birgə əməkdaşlıq, xüsusilə hər iki tərəf üçün maraqlı olan müəllim və tələbə mübadiləsi məsələləri müzakirə edilib.

Daha sonra AzTU-nun nəzdində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində əməkdaşlıq müqaviləsi imzalanıb.

Fransalı qonaqlar Heydər Əliyev Mərkəzinin xatirə kitabına ürək sözlərini yazıblar.

 

http://azertag.az/xeber/1074152

Arxiv üzrə axtarış