2017-07-06

Fransalı senator: “Ümid edirəm, Minsk qrupunun həmsədrləri nəhayət oyanacaqlar” (Report.az)

Paris. 6 iyul. REPORT.AZ/ Fransalı senator Erik Dolige Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində həyatını itirənlərin yaxınlarına başsağlığı verib və körpə ölümünə səbəb olan bu hadisəni ağlasığmaz, yolverilməz faciə olduğunu qeyd edib.

O, “Report”un Fransa bürosuna verdiyi müsahibəsində ATƏT-in Minsk qrupu həmsədrlərinin bu faciəyə biganə qalmayacağlarına, tez bir zamanda münaqişənin sülh yolu ilə həlli naminə tədbirlər görəcəklərinə ümid etdiyini bildirib: “Çünki bu cinayətə reaksiya verməmək, günahkarı cəzalandırmamaq cinayətkarla əlbir olmaq deməkdir. Əgər Dağlıq Qarabağ münaqişəsi öz həllini hələ də tapa bilməyibsə, buna səbəb Ermənistanın danışıqlara mane olmasıdır. Azərbaycan sülh istəyir. Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş torpaqlarını geri qaytarmaq istəyir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək istəyir. Bizim “erməni dostlarımız” Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin olduğu kimi Fransada yayılmasına maneçilik törədirlər. Ümid edirəm, Minsk qrupunun həmsədrləri nəhayət, oyanacaqlar və növbəti faciənin baş verməsinin qarşısını alacaqlar”.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri iyulun 4-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərazilərini mina və qumbaraatanlardan atəşə tutaraq mülki əhalinin qəsdən öldürülməsi və vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər. Nəticədə Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həmin faktlarla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 116.0.6 (silahlı münaqişə zamanı hərbi zərurətdən irəli gəlməyən geniş miqyaslı dağıntılar törətməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 116.0.7 (silahlı münaqişə zamanı müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 116.0.8 (silahlı münaqişə zamanı hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən dini, təhsil, elm, xeyriyyə, tibb obyektlərinə, xəstə və yaralıların yerləşdirildiyi yerlərə hərbi zərurət olmadan hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 116.0.10 (silahlı münaqişə zamanı mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

https://report.az/dagliq-qarabag/fransali-senator-umid-edirem-minsk-qrupunun-hemsedrleri-nehayet-oyanacaqlar/

Arxiv üzrə axtarış