2017-07-06

Fransalı senator erməni hərbçilərin Alxanlıda törətdikləri faciə ilə bağlı TEAS-ın sorğusuna cavab verib (AzerTac.az)

Bakı, 6 iyul, AZƏRTAC

Erməni vəhşiliyi nəticəsində Füzuli rayonu Alxanlı kəndində Sahibə Allahverdiyeva (Quliyeva) və onun ikiyaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisi tərəfindən verilən sorğuya cavab olaraq Fransa-Qafqaz Dostluq Qrupunun sədri, senator Andre Reyşar bəyanat verib.

Bu barədə AZƏRTAC-a Avropa Azərbaycan Cəmiyyətindən məlumat verilib.

Bəyanatda deyilir: “Bu münaqişə ilə heç bir əlaqəsi olmayan günahsız dinc sakinlərin qətlə yetirilməsi barədə xəbər məni çox kədərləndirdi. Azyaşlı uşağın qətlə yetirilməsi xəbərinin isə mənə xüsusi təsiri oldu. Mən Azərbaycan ailələri və hakimiyyətinə dərin hüznlə başsağlığı verirəm. Bu dramatik hadisə Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş olmadığını bir daha sübut edir. Son həftələr tez-tez rast gəlinən hərbi təsadüflərdən əlavə dinc əhalinin tələfatı ilə müşayiət olunan hərbi toqquşmaların sayının artması müşahidə olunur. Bu o deməkdir ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə ədalətli və təxirəsalınmaz şəkildə həll olunmalıdır. Mən bunları Avropa Azərbaycan Cəmiyyətinin Azərbaycandakı qaçqın və məcburi köçkünlərlə bağlı bu yaxınlarda təşkil etdiyi konfransda da demişəm. Təsadüfi deyil ki, Prezident Emanuel Makron bu məsələni hər zaman diqqət mərkəzində saxlayır. ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya və ABŞ-la birlikdə, Fransa bu münaqişənin sülh yolu ilə həllinin sürətləndirilməsinin tərəfdarıdır və bunun üçün öz töhfələrini verməkdədir. Münaqişə ərazisindən Ermənistan silahlı qüvvələrinin çıxarılması münaqişənin sülh yolu ilə həll edilməsinin əsas şərtidir. Mən Azərbaycan Ordusunun qisas almaq niyyətindən və bunun yeni hərbi toqquşmalara səbəb olacağından qorxuram. Mən bu faciənin törədilməsinə bəraət qazandıracaq səbəblər barədə erməni tərəfindən eşitmək istəyirəm”.

http://azertag.az/xeber/1075921

Arxiv üzrə axtarış