2017-08-02

Fransa Yəhudi İcmasının nümayəndələri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olublar (AzerTac.az)

Avqustun 2-də Valiske Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycanda olan Fransa Yəhudi icmasının nümayəndə heyəti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olublar.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin Azərbaycana səfərinin məqsədi ölkəmizdə mövcud dini tolerantlılığın nəzəri əsasları, Azərbaycanda “İslam Həmrəyliyi İli”, müsəlman-yəhudi birgəyaşayışının təmin olunması və ektremizmin qarşısının alınması istiqamətində görülən işlərlə tanış olmaqdır.

Qonaqlara ölkəmizdəki multikultural mühit barədə məlumat verən BBMM-in əməkdaşı Rəvan Həsənov bildirib ki, sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Mövcud milli-mədəni müxtəliflik və dini-etnik dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı edib. Ölkəmizdə bu gün həmin mədəni, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir.

Azərbaycandakı unikal müsəlman-yəhudi birgəyaşayış modeli, ölkəmizdə multikulturalizm və tolerantlıq sahəsində aparılan dövlət siyasəti aralarında Aşkenaz, Sefard, İslahatçı liberal yəhudilərin olduğu Fransa, Belçika, İsveçrə, İsrail və Türkiyədən olan Fransa Yəhudi İcması nümayəndələrinin böyük marağına və rəğbətinə səbəb olub.

 

http://azertag.az/xeber/1082841

Arxiv üzrə axtarış