2017-11-01

Azərbaycan muğamını təbliğ edən Amerika musiqiçisi ilə görüş

Noyabrın 1-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində (AMMDM) Amerika Muğam Cəmiyyətinin prezidenti, Azərbaycan muğamının tədqiqatçısı Cefri Verbokla görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova C.Verbok haqqında məlumat verib. Bildirilib ki, ölkəmizə ilk dəfə ötən əsrin 70-ci illərində gələn C.Verbokun növbəti səfəri 90-cı illərin əvvəllərinə təsadüf edib. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, torpaqlarımızın işğalı, 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün düşməsi o illərin ağrı-acısını əks etdirirdi. Həmin dövrdə heç kimin muğam haqqında düşünməməsinə baxmayaraq, amerikalı musiqiçi Bakıda muğamı dinləyib. Artıq kamançada ifa etməyi bacaran və muğamın sirlərinə yiyələnən C.Verbok Azərbaycan mədəniyyətini, muğamı ABŞ-da təşviq etmək qərarına gəlib.

Azərbaycan milli geyimində səhnəyə çıxan, Dağlıq Qarabağın muğamın Vətəni, Azərbaycan mədəniyyətinin beşiyi olduğunu söyləyən Cefri Verbok bu çətin, mürəkkəb və zərif musiqini anlamağa çalışdığını bildirib. O, universitet səviyyəsində muğamın ilkin bazasını tədris etdiyini deyib.

Sonra C.Verbok tarda “Segah” muğamını ifa edib. Amerikalı musiqiçi muğamı daha dərindən anlamaq üçün iştirakçıları daxili aləmlərini dinləməyə çağırıb. O, muğamın sirlərindən danışaraq bildirib ki, musiqi özü insanı onu dinləməyə sövq edir.

“Segah” muğamını kamançada da çalan Cefri Verbok tələbələrinin əsasən gənclərdən ibarət olduğunu deyib.

Amerikalı musiqiçi bildirib ki, Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərə xüsusi qayğı ilə yanaşır, onlar üçün əlverişli imkanlar yaradır. Buna baxmayaraq, məcburi köçkünlər doğma yurdlarına dönmək arzusu ilə yaşayırlar. Qaçqın düşərgələrində azyaşlı uşaqların belə muğamı ustalıqla ifa etmələrinə valeh olduğunu deyən C.Verbok bildirib ki, Qarabağın gözlə görünməyən mistik, sirli təsiri var, bu səbəbdən də oradan olan uşaqlar muğamı çox incəliklə oxuyurlar. Kolumbiya universitetində çəkdiyi “Gənc səslər, qədim nəğmə” filmində bu uşaqların muğam ifasını təqdim etdiyini, həmkarlarının bu sehrli musiqiyə heyran qaldıqlarını vurğulayıb. O, Azərbaycanda olanda özünü həqiqi azərbaycanlı saydığını deyib.

Tədbirdə Cefri Verbokun Azərbaycan muğamının təbliğində göstərdiyi fəaliyyət yüksək dəyərləndirilib və ona xatirə hədiyyələri təqdim olunub.

https://azertag.az/xeber/Azerbaycan_mugamini_teblig_eden_Amerika_musiqichisi_ile_gorus-1108094

Arxiv üzrə axtarış