2017-11-09

Elmar Məmmədyarov: Azərbaycan uğurlu “ASAN xidmət” təcrübəsini Afrika qitəsi ölkələri ilə bölüşməyə hazırdır

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Efiopiyaya səfəri çərçivəsində BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının icraçı katibinin müavini Abdalla Hamdok ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Abdalla Hamdok BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının fəaliyyəti, həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.

Elmar Məmmədyarov bu il Azərbaycan ilə BMT arasında uğurlu tərəfdaşlığın 25 illiyinin qeyd olunduğunu bildirərək, xüsusilə müstəqilliyin ilk illərində BMT və onun ixtisaslaşmış qurumlarının ölkəmizə dəstəyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Ölkəmizin yoxsulluğun aradan qaldırılması, təhsil, səhiyyə, məşğulluq, gənclər və idman siyasəti sahələrində əldə etdiyi nailiyyətlərdən, “ASAN xidmət” təcrübəsindən, regional əməkdaşlıq, sülh və çiçəklənməyə verdiyi töhfələrdən danışan E.Məmmədyarov BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin milli səviyyədə həyata keçirilməsi istiqamətində atılan addımlardan danışıb. Nazir Azərbaycanın uğurlu “ASAN xidmət” təcrübəsini Afrika qitəsi ölkələri ilə bölüşməyə hazır olduğunu və bu xüsusda Afrika İttifaqında “ASAN xidmət”in təqdimatının keçirildiyini qeyd edib.

Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olarkən Afrika qitəsinin problemlərinə xüsusi diqqət ayırdığını deyən E.Məmmədyarov Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin qitədə həyata keçirdiyi humanitar layihələrə toxunub, Azərbaycan ilə Afrika ölkələri arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Nazir BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 2017-2019-cu illər üzrə üzvü kimi Azərbaycanın bu sahədə təşkilatın fəaliyyətinə töhfə verdiyini diqqətə çatdırıb.

Söhbət zamanı Azərbaycan ilə BMT-nin Afrika üzrə İqtisadi Komissiyası arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb və Cənub-Cənub əməkdaşlığının əhəmiyyəti qeyd olunub.

https://azertag.az/xeber/Elmar_Memmedyarov_Azerbaycan_ugurlu_ASAN_xidmet_tecrubesini_Afrika_qitesi_olkeleri_ile_bolusmeye_hazirdir-1110284

Arxiv üzrə axtarış