2017-11-14

Sergey Jeleznyak: Rusiya ilə Azərbaycanın dostluğunu pozmaq istəyənlərin cəhdləri əbəsdir

Əminəm ki, Rusiya ilə Azərbaycanın dostluq və əməkdaşlığı böyük məna kəsb edir, ona görə də bu və ya digər xarici qüvvələrin bu dostluğu pozmaq cəhdləri əbəsdir. Regionda sülhə, harmoniyaya, qarşılıqlı anlaşmaya, həmçinin Qafqazda mövcud olan çox mürəkkəb məsələlərin həllinə nail olmaq daha mühümdür.

AZƏRTAC xəbər verir ki, Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin üzvü Sergey Jeleznyak bu fikirləri “Vestnik Kavkaza” agentliyinə müsahibəsində bildirib.

Rusiyalı deputat Rusiya, Azərbaycan və İran prezidentlərinin bu yaxınlarda baş tutan Tehran görüşünün əhəmiyyətini xüsusi qeyd edib. S.Jeleznyak deyib: “Bu mühüm görüş təkcə regionda təhlükəsizlik məsələlərinə deyil, həmçinin iri iqtisadi layihələrin icrasına, Xəzər dənizi regionunda mövcud olan logistik potensiala həsr olunub. Söhbət Cənub-Şərqi Asiyadan Avropaya ölkələrimiz vasitəsilə malların, yüklərin nəqlinin artırılmasına kömək edə biləcək dəmir yolu xəttinin yarımçıq hissəsinin tikintisini başa çatdırmaq barədə olub”.

Rusiyalı siyasətçi əmindir ki, bu layihə hər üç ölkənin hökumətləri üçün əsas prioritetlərdən biri olacaq. Deputat deyib: “Ölkələrimizin hər biri bu regionda ticarətin möhkəmlənməsi və inkişafından böyük bonuslar qazanacaq. Bu əməkdaşlığın İrana, Azərbaycana və Rusiyaya yalnız faydası olacaq”.

https://azertag.az/xeber/Sergey_Jeleznyak_Rusiya_ile_Azerbaycanin_dostlugunu_pozmaq_isteyenlerin_cehdleri_ebesdir-1111668

Arxiv üzrə axtarış