2017-11-21

UNESCO-da almanların Azərbaycana gəlişinin 200 illiyinə həsr edilən sərgi keçirilib VİDEO

Parisdə UNESCO-nun baş qərargahında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin almanların Qafqaza gəlişinin 200 illiyi münasibətilə birgə təşkil etdiyi sərginin açılış mərasimi olub. Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, UNESCO yanında müxtəlif ölkələrin səfirləri, tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri sərginin açılış mərasimində iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyin rəhbəri, səfir Anar Kərimov sərginin müxtəlif mədəniyyət və dinlər arasında sülh, dialoq və qarşılıqlı hörmətin əhəmiyyətinə dair vacib mesaj olduğunu bildirib. O, almanların memarlıq, sənaye, kənd təsərrüfatı və şəhərsalma sahəsinə verdikləri töhfələrə toxunub. Almanların ölkəmizə gəlişinin tarixindən, xalqımızın tolerantlıq mədəniyyəti sayəsində onların yerli mühitə asanlıqla inteqrasiya etməsindən söz açıb. Bildirib ki, dini ayinlərini azad şəkildə həyata keçirən almanlar ölkəmizdə bir neçə kilsə də tikiblər. Hökumətimiz ölkədə yaşayan bütün milli və dini azlıqlara lazımı şərait yaradılması üçün zəruri tədbirlər görüb.

Azərbaycanın UNESCO-ya üzvlüyünün 25 illiyindən söz açan səfir dövlət müstəqilliyini bərpa edən ölkəmizin elə ilk gündən xarici işğala məruz qaldığını diqqətə çatdırıb. İqtisadi və humanitar çətinliklə üzləşən Azərbaycanın bütün çətinliklərə sinə gərdiyini və humanitar yardım alan ölkədən humanitar yardım edən ölkəyə çevrildiyini qeyd edib. Ölkəmizin UNESCO-nun layihələrinə maliyyə dəstəyindən danışıb.

Mədəniyyətlərarası dialoq sahəsində Azərbaycanla UNESCO arasında mühüm əməkdaşlıqdan söz açaraq, ölkəmizin mədəniyyətlər və dinlərarası dialoqa verdiyi töhfələri diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri bir ailə kimi mehriban yaşayır. İki ildən bir ölkəmiz Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna və Bakı Beynəlxalq Humanitar Forumuna ev sahibliyi edir. Mədəniyyətlərarası dialoqu təşviq etmək məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Bakı Prosesi” təşəbbüsü irəli sürülüb və gələn il onun 10 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzalanıb.

UNESCO-nun baş direktorunun xarici əlaqələr və ictimai informasiya üzrə köməkçisi Erik Falt sərginin Azərbaycanı yaxından tanımağa imkan verdiyini bildirib. O, Azərbaycanı UNESCO-ya üzv olmasının 25 illiyi münasibəti ilə təbrik edib. Ölkəmizin mədəniyyətlər və dinlərarası dialoqa töhfəsindən danışıb.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva almanların ölkəmizə gəlişinin tarixindən, alman mədəni irsinin qorunub saxlanmasından söz açıb. Bildirib ki, Azərbaycan Prezidenti Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında Sərəncam imzalayıb. Yubiley münasibətilə Berlin Humboldt Universitetində, Bakıda və Şamaxıda sərgilər təşkil olunub.

Sonra tədbir iştirakçıları gənc pianoçu Etibar Əsədli və Vurğun Vəkilovun ifasında səsləndirilən Azərbaycan və alman bəstəkarlarının klassik musiqi sədaları altında sərgi ilə tanış olub və fikir mübadiləsi aparıblar.

Sonda Erik Falt AZƏRTAC-a bildirib ki, Azərbaycanı yaxından tanımağa imkan yaradan sərgi alman təsirinin müxtəlif aspektlərini də əks etdirir. “Sərgi ölkənizin multikultural olduğunu bir daha təsdiqləyir. Müxtəlif xalqların harmoniyada yaşadığından xəbər verir ki, bu da UNESCO-nun bəşəriyyətə verdiyi mesajla üst-üstə düşür”, - deyə E.Falt vurğulayıb. Qeyd edib ki, Azərbaycan UNESCO–nun fəal tərəfdaşıdır və mədəniyyətlərarası dialoqun təşviqinə böyük töhfələr verib.

Arxiv üzrə axtarış