2017-12-15

Fransa portalında Azərbaycanla bağlı məqalə yayılıb

Fransanın “Zoomdici” portalında Azərbaycanla bağlı məqalə yayılıb.

AZƏRTAC xəbər verir ki, məqalədə Fransa nümayəndə heyətinin Azərbaycan ilə mümkün mübadilələr aparmaq məqsədilə bu yaxınlarda Bakıya səfər etdiyi bildirilir. Qeyd edilir ki, tərkibində Luaranı təmsil edən gənclərin də yer aldığı nümayəndə heyəti “Odlar Yurdu” ilə yaxından tanış olublar.

Məqalədə Azərbaycanın coğrafi mövqeyi, tarixi mədəniyyəti haqqında oxuculara ətraflı məlumat verilir.

Qeyd edilir ki, Azərbaycan həm nefti, həm də xalçaları ilə tanınır. Bunlardan biri ölkənin tarixini şəkillərlə nəql edirsə, digəri tam müstəqillik əldə etməyə imkan yaradıb. İqtisadi müstəqilliklə siyasi müstəqilliyi qoruyub saxlamaq ölkəyə mürəkkəb vəzifələrin yerinə yetirilməsi zamanı müstəqil qərarlar qəbul etməyə imkan yaradır.

Bildirilir ki, Luaradan olan deputat Jülyen Borovçuk və parlament attaşesi Orian Qurbeyre də Bakıya səfər edənlər arasında olub. Onların bu səfərdən məqsədi həm də Azərbaycan ilə Luara departamenti arasında xüsusilə kənd təsərrüfatı sahəsində əlaqələri nəzərdən keçirmək idi. Fransalı deputat öz planını ölkənin Azərbaycandakı səfiri Aureliya Buşezə, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyova və parlamentarilərə təqdim edib. Azərbaycanın Dostları Assosiasiyasının üzvü olan “İrəli Fransa” partiyasının deputatı yaxın vaxtlarda Azərbaycanın Fransadakı səfirini Forezə dəvət etməlidir. Bu, Azərbaycan ilə Luara arasında əməkdaşlıq əlaqələrinin qurulması ilə nəticələnə bilər.

Məqalədə vurğulanır ki, Paris ilə Bakı arasında coğrafi baxımdan böyük məsafə olmasına baxmayaraq, iki mədəniyyət arasında əlaqələrin qədim tarixi var.

Qeyd edilir ki, Azərbaycan, eyni zamanda, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.

Müəllif Azərbaycanda multikultural cəmiyyətin mövcud olduğunu vurğulayır və qeyd edir ki, dini birgəyaşayışı bu ölkənin hər yerində görmək mümkündür.

Məqalədə Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyovun fikirlərinə də yer verilib.

https://azertag.az/xeber/Fransa_portalinda_Azerbaycanla_bagli_meqale_yayilib-1121325

Arxiv üzrə axtarış