2018-03-07

Bakıda Nizami Gəncəviyə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

Altıncı Qlobal Bakı Forumu çərçivəsində martın 14-15-də Azərbaycanın dahi şairi Nizami Gəncəviyə həsr olunan beynəlxalq elmi konfrans təşkil ediləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” adlı konfrans Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının birgə əməkdaşlığı ilə təşkil olunacaq.

Konfransda 13 ölkədən - ABŞ, Kanada, Braziliya, Hindistan, Misir, Gürcüstan, Türkiyə, Almaniya, İtaliya, Fransa, Böyük Britaniya, İran, Finlandiyadan 20-dən çox alimin, eləcə də 30-dan çox azərbaycanlı elm adamının, nizamişünasların iştirakı gözlənilir.

Konfrans mövzunun nəzəri və praktik aspektlərini, Nizaminin poeziyasının estetikasını, fəlsəfəsini, ədəbiyyatın və mədəniyyətin “milli mənsubiyyəti”, irredentizm, ortaq mədəni keçmişi kimi problemləri əhatə edəcək. Nizami poeziyasının timsalında mədəni irsin tarixin fərqli mərhələlərində dərki və yozumu, dominant kimlik meyarlarının - dövlət sərhədlərinin, din və dil statusunun dəyişməsi ilə əlaqədar mədəni irsin hansı müasir milli mədəniyyətlərə aid edilməsi prinsiplərini gündəmə gətirəcək.

https://azertag.az/xeber/Bakida_Nizami_Genceviye_hesr_olunan_beynelxalq_elmi_konfrans_kechirilecek-1142788

Arxiv üzrə axtarış