2020-07-14

Ermənistan Silahlı Qüvvələri tərəfindən Ermənistan-Azərbaycan sərhədində Tovuz rayonu istiqamətində atəşkəs rejiminin pozulması ilə bağlı Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyinin press-relizi (14.07.2020)

AR Müdafiə Nazirliyinin rəsmi məlumatı

İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam etmişdir.

Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı Azərbaycan bölmələrinin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən erməni silahlı qüvvələri geri çəkilməyə məcbur edilmişdir.

Döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu qəhrəmancasına şəhid olmuşdur.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  aşağıda adları çəkilən hərbi qulluqçuları da şəhid olmuşdur:

- polkovnik Mirzəyev İlqar Anzor oğlu; 

- mayor Əhmədov Namiq Hajan oğlu; 

- mayor Novruzov Anar Gülverdi oğlu; 

- gizir Zeynallı İlqar Ayaz oğlu;

- gizir Babayev Yaşar Vasif oğlu;

- müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər Mustafazadə Elçin Arif oğlu.

Ermənistan silahlı qüvvələrinin aktiv fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cavab tədbirləri nəticəsində erməni ordusuna məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiənin dərinliyindəki ehtiyatlar və canlı qüvvəsi məhv edilmişdir.

Ermənistan tərəfi, eyni zamanda Tovuz rayonu istiqamətində mülki əhalini və yaşayış məntəqələrini də atəşə tutmuşdur. 14 iyul 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən açılmış artilleriya atəşi nəticəsində mülki şəxs - Tovuz rayonunun Ağdam kəndinin sakini, 1944 cü il təvəllüdlü (76 yaş) Əzizov Əziz İzzət oğlu həlak olmuşdur.

Hazırda bu istiqamətdə vəziyyət gərgin olaraq qalmaqda, ağır döyüşlər davam etməkdədir. Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-hücumu nəticəsində Ermənistan silahlı qüvvələrinin qarşısı alınır. Ermənistan tərəfinin hər hansı ərazi əldə etmək cəhdi uğursuzluqla nəticələnib.

Əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır.

 

 

 

 

AR Xarici İşlər Nazirliyinin rəsmi məlumatı

Ermənistan tərəfindən Azərbaycanlı mülki əhalini məqsədyönlü şəkildə hədəfə almaq və ağır silahlardan atəşə tutmaq faşizmin və barbarlığın əyani təzahürüdür. Bu, Ermənistanın təcavüzkar siyasətinin tərkib hissəsidir. Azərbaycanlı mülki şəxsin öldürülməsi qanlı cinayətdir.

Ermənistan tərəfi bundan öncə də Azərbaycanlı mülki şəxsləri məqsədyönlü şəkildə hədəfə alaraq, onlara qarşı insanlıq əleyhinə cinayət aktları törədib. 1992-ci ilin 26 fevral tarixində Xocalıda 613 dinc insanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, sərhədboyu, eləcə də təmas xətti yaxınlığında yaşayan və aralarında azyaşlı uşaqlar da olmaqla azərbaycanlı mülki şəxslərin məqsədyönlü şəkildə düşmən gülləsinin hədəfinə çevrilməsi, eləcə də 2016-cı ilin aprel hadisələri zamanı 6 mülki şəxsin həlak olması və 33 nəfərin yaralanması Ermənistan təcavüzünün günahsız qurbanlarıdır.

Ermənistan silahlı qüvvələri, yaşayış məntəqələrimizi davamlı şəkildə ağır silahlardan atəşə tutmaqla yanaşı, əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məkanının infrastrukturuna ciddi ziyan vurur.

Bu kimi əməlləri ilə Ermənistan beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarını və bu xüsusda üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozur.

Ermənistanın hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə və Azərbaycanlı mülki şəxslərin Ermənistanın məqsədyönlü qanlı təxribatının qurbanı olması faktına beynəlxalq ictimaiyyəti sərt reaksiya verməyə və Ermənistanın bu qanunsuz əməllərini qınamağa çağırırıq.

Azərbaycanlı mülki şəxsin qətl edilməsinin məsuliyyəti Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür.

Media

Mətbuatda yer alan məlumatlara əsasən Ermənistanla sərhəddə yerləşən Tovuz rayonunun iki kəndində ciddi dağıntılar baş vermiş, 10-dan çox evə ziyan dəymişdir.

Ermənistan tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində, Tovuz rayonu istiqamətində gedən döyüşlərdə ağır itkilər verilsə də, bu ictimaiyyətdən gizlədilir.

Davam edən döyüşlər zamanı sarsıdıcı zərbələr alan Ermənistan tərəfi yalnız iki hərbçisinin öldüyünü etiraf etmişdir. Erməni KİV-lərinin yaydığı məlumata əsasən, Ermənistan ordusunun mayoru Qaruş Vemiri Ambarçumyan və kapitan Sos Paylaki Elbəkyan Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmişdir.

Bir sıra aparıcı xarici kütləvi informasiya vasitələri tərəfindən Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatı və Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını geniş işıqlandırılmışdır.

Dünyanın 40-a yaxın ölkəsinin KİV-ləri, o cümlədən Türkiyə, Çin, İndoneziya, Malayziya, Avstraliya, Koreya Respublikası, İran, İtaliya, Almaniya, Fransa, Rusiya, Ukrayna, Belarus, Rumıniya, Bolqarıstan, Moldova, Özbəkistan, Qırğızıstan, Bosniya və Herseqovina, Serbiya, İsrail, Misir, Səudiyyə Ərəbistanı, İordaniya, Mərakeş, Oman, Sudan, Livan mediası bu istiqamətdə informasiyalar, analitik yazılar, ekspert rəyləri yaymışdır.

Yayılan materiallarda Ermənistanın təxribatçı hərəkətləri, xüsusilə də mülki əhalinin atəşə tutulması kəskin şəkildə pislənilmiş, Azərbaycan Prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışından fikirlərə geniş yer verilmişdir.

Xarici mediada Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması, artilleriya qurğularından istifadə etməklə Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutması, Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-hücumu nəticəsində Ermənistan silahlı qüvvələrinin hücumunun dəf olunması barədə ətraflı məlumat verilmişdir.

Türkiyə, ABŞ, Rusiya, Ukrayna, Pakistan, İtaliya, Böyük Britaniya, o cümlədən, ATƏT, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), İslam Əməkdaşlıq Təşkilatının (İƏT) rəsmiləri tərəfindən məsələyə dair münasibət bildirilərək bəyanat yayılmışdır.

Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən yayılan bəyənatda Türkiyənin ərazi bütövlüyünü qorumaq uğrunda mübarizədə Azərbaycanın yanında olmaqda davam edəcəyi, Ermənistanın təxribatını qətiyyətlə pislədiyi və işğalçı ölkənin törətdiyi təxribatın bölgədə sülhə və təhlükəsizliyə böyük maneə olduğu bildirilmişdir.

 

İtaliya Senatının üzvləri mövzu ilə bağlı çıxış etdikləri bəyanatlarda Ermənistanın təxribatlarını pisləmiş, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmiş və münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həllinin vacibliyini bildirmişdir.

Ukrayna Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı verdiyi bəyənatda münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında siyasi yolla həll olunmasının tərəfdarı olduğu vurğulanmışdır.

Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasında Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının regional sülhə və təhlükəsizliyə ciddi təhlükə yaratdığı, son təxribatçı hərəkətin Ermənistanın beynəlxalq ictimaiyyəti yayındırmaq cəhdinin təzahürü olduğu və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində təsbit edilmiş Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli üçün davam edən danışıqlar prosesinə mane olduğu vurğulanmışdır. Pakistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyini yenidən təsdiqləmiş və Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə dəstəyini bir daha bəyan etmişdir.

Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin açıqlamasında tərəflər güc tətbiq etməməyə, vəziyyətin gərginləşməməsi üçün səyləri davam etdirməyə, beynəlxalq hüququn norma və prinsipləri əsasında davamlı siyasi həll yolu tapmağa çağırılmış, Moldova Respublikasının münaqişə vəziyyətinin beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında sülh yolu ilə həllinin tərəfdarı olduğu vurğulanmışdır.

Ekspert rəyi

Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində hücumu yerli və xarici ekspertlər tərəfindən geniş şərh olunmuşdur.

Məsələyə Türkiyənin, Rusiyanın, Gürcüstanın beynəlxalq-siyasi və hərbi məsələlər üzrə ekspertləri tərəfindən münasibət bildirilmişdir.

Sözügedən rəylərdə Ermənistanda ciddi sosial-iqtisadi problemlər, korrupsiya, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi səsəbindən Paşinyan hakimiyyətinin tamamilə nüfuzdan düşməsinə zəmin yarandığı qeyd olunur.  Bu səbəbdən, ölkə rəhbərliyinin bu yolla diqqəti başqa istiqamətə çəkmək cəhdinin olduğu bildirilmişdir.

Ermənistanın Azərbaycanla dövlət sərhədində hərbi təxribat törətməsinin başqa bir səbəbinin isə, ölkəmizin son vaxtlar əldə etdiyi beynəlxalq uğurlarla bağlı olduğu ekspertlər tərəfindən bildirilir.

Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində son gərginliyin hərbi təhlili onu göstərir ki, təxribat Ermənistan tərəfindən başlanmışdır. Ermənistan məqsədyönlü şəkildə bu təxribata hazırlaşmışdır. Ermənistan tərəfi qəflətən artilleriya qurğularından istifadə edib və nəticədə Azərbaycan hərbçiləri şəhid olublar. Ermənistan tərəfinin itkiləri daha sonrakı vaxtda Azərbaycan ordusunun cavab atəşi nəticəsində baş verib.

Ermənistan iddia edir ki, guya Azərbaycan UAZ maşını ilə erməni mövqelərinə hücuma keçib. Bu həqiqətən də olduqca gülünc və ağlasığmaz bir iddiadır. Azərbaycan tərəfi hücuma keçmək istəsəydi, onda UAZ-dan deyil, öz ordusunun arsenalında olan güclü, dağıdıcı vasitələrdən istifadə edərdi.

Ermənistanın bu təxribatı törətməkdə məqsədi təkcə diqqəti ölkədə olan ağır sosial-iqtisadi vəziyyətdən və COVİD-19 ilə bağlı acınacaqlı durumdan yayındırmaq deyildi. Məqsəd həm də sərhəddə gərginlik yaradaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) münaqişəyə cəlb etmək idi. Ermənistan KTMT ölkələrini öz çirkin siyasətinin əsirinə çevirməyə və təşkilatın arxasında daldalanmağa çalışır. Lakin onların bu ümidləri də puç oldu. KTMT daxilində sağlam məntiq qalib gəldi və sözügedən məsələ ilə bağlı təşkilatın planlaşdırılan növbədənkənar daimi şura görüşü ləğv olundu. Bu barədə xəbər KTMT internet ünvanından silindi. KTMT ölkələri də Ermənistanın məkrli niyyətini yaxşı başa düşür.

 

növbəti xəbər əvvəlki xəbər