2020-07-16
Ermənistan Silahlı Qüvvələri tərəfindən Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejiminin pozulması ilə bağlı Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyinin press-relizi

AR Müdafiə Nazirliyinin məlumatı

“Ermənistan tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Azərbaycan Respublikası silahlı qüvvələrinin mövqelərinə yenidən hücum cəhdləri baş vermişdir”

İyulun 16-da səhər saat 05.45-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Azərbaycan Respublikası silahlı qüvvələrinin mövqelərinə yenidən hücum cəhdləri baş vermişdir.

Səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki Azərbaycan silahlı qüvvələrinin mövqeləri üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərmiş, lakin Azərbaycan silahlı qüvvələri tərəfindən Ermənistan tərəfinin PUA-sı dərhal aşkarlanaraq məhv edilmişdir.

Bununla yanaşı, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlardan, snayper tüfənglərindən, 60, 82 və 120 millimetrlik minaatanlardan və digər artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 89 dəfə pozmuşdur.

Davam edən döyüşlərdə Ermənistan tərəfinin 20-yə yaxın canlı qüvvəsi, 1 zirehli texnikası,
1 radioelektron mübarizə (REM) vasitəsi, döyüş postları və dayaq məntəqəsi Azərbaycan silahlı qüvvələri tərəfindən məhv edilmişdir.

Döyüşlər zamanı Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İsmayılov Nazim Əfqan oğlu şəhid olmuşdur.

Bununla yanaşı, Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunun Ağdam, Dondar Quşçu və Vahidli kəndlərini atəşə tutması nəticəsində, mərmilər yaşayış evləri və bir neçə həyətyanı sahəyə düşmüş, evlərə və şəxsi təsərrüfatlara ciddi ziyan dəymişdir. Təcavüzkar Ermənistanın silahlı qüvvələri tərəfindən dinc əhalinin, yaşayış evlərinin atəşə tutulması birbaşa beynəlxalq humanitar hüququn pozulmasıdır.

Ermənistan tərəfindən yayılan Azərbaycan Silahlı Qüvvələrinin təxribat törətməyə cəhd etməsi və Ermənistanın Aygepar və Movses kəndlərini D-30 toplarından atəşə tutması barədə məlumatlar qətiyyən həqiqəti əks etdirmir və yalan və uydurma xarakter daşıyır.  Ermənistan müdafiə nazirinin mətbuat katibi Şuşan Stepanyanın guya Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan tankının vurulduğu barədə yaydığı məlumat da qəti şəkildə təkzib edilir.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

“ATƏT-in Minsk qrupunun işi çox fəal olmalı, mahiyyət üzrə danışıqlar aparılmalıdır. Əgər biz görsək ki, bu danışıqlar əhəmiyyətsizdir, onda buna uyğun şəkildə öz addımlarımızı da atacağıq və bəyanatlarımızı da verəcəyik”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışında “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ” münaqişəsinin həlli ilə bağlı bildirmişdir ki, Azərbaycanın mövqeyində, heç bir dəyişiklik ola bilməz: “Dağlıq Qarabağ bizim tarixi torpağımızdır və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir.”

Dövlət başçısı danışıqlar yolu ilə münaqişənin həllinə toxunarkən bildirmişdir: “O ki qaldı, danışıqlara, mən bir daha demək istəyirəm ki, biz imitasiya naminə danışıqlar aparmaq, mənasız videokonfranslar keçirmək fikrində deyilik. Bunun mənası olmalıdır. Mən demişəm ki, Minsk qrupunun işi çox fəal olmalıdır və onların mandatı çərçivəsində təkcə təmas xəttində, yaxud da ki, dövlət sərhədində atəşkəsin təmin edilməsi məsələsi yox, mahiyyət üzrə danışıqlar aparılmalıdır və bunun üçün artıq uzun illər ərzində formalaşmış baza var. Ancaq Ermənistan öz destruktiv addımları, qeyri-konstruktiv bəyanatları, sərhəddə və təmas xəttində törətdikləri hərbi cinayətləri ilə bütün bu danışıqlar konstruksiyasını məhv edir. Ermənistan danışıqlar formatını dəyişmək, danışıqların mahiyyətini pozmaq istəyir. Yəni, faktiki olaraq bu gün Ermənistan danışıqlar prosesini dağıdır və bunu hər kəs görür. Sadəcə olaraq, Ermənistan rəhbərliyinin açıqlamalarına fikir vermək kifayətdir. Onların hərbi rəhbərliyi bizi hədələməyə çalışır. Bizi yeni torpaqların işğalı ilə hədələmək istəyir. Ancaq bunlara bu günlərdə verilən dərs hesab edirəm ki, uzun müddət onların yaddaşından silinməyəcək. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Azərbaycan xalqının səbrinin həddi var. Ona görə danışıqlar mahiyyət üzrə aparılmalıdır. Əgər biz görsək ki, bu danışıqlar əhəmiyyətsizdir, onda buna uyğun şəkildə öz addımlarımızı da atacağıq və bəyanatlarımızı da verəcəyik.”

Beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə mövqeyi birmənalıdır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri erməni qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Bununla yanaşı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı, NATO və digər təşkilatlar tərəfindən ondan sonrakı dövrdə oxşar qərar və qətnamələr qəbul edilmişdir. 2018-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış “Tərəfdaşlıq Prioritetləri” sənədində ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı ilə bağlı xüsusi bənd mövcuddur.

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış separatçı rejim heç bir ölkə tərəfindən tanınmamışdır. Bir müddət əvvəl separatçı rejim tərəfindən keçirilmiş saxta “seçkilərin” tanınmaması ilə əlaqədar bütün aparıcı dövlətlər, beynəlxalq təşkilatlar və region ölkələri tərəfindən bəyanatlar verilmişdir.

 

 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin “Al Jazeera İnternational” beynəlxalq televiziya kanalında Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə debatı

 

“Azərbaycana qarşı hərbi təcavüzə görə Ermənistan bir dövlət olaraq beynəlxalq hüquqi məsuliyyət daşıyır”

 

Prezidentin köməkçisi Hikmət Hacıyev canlı yayımda Ermənistan xarici işlər nazirinin yalanlarını ifşa etmişdir. H.Hacıyev Ermənistan xarici işlər nazirinin bu kimi açıqlamaları ilə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və ərazi iddialarını bir daha sübut etdiyini vurğulamışdır.

O, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu hərbi təcavüz yolu ilə işğal etdiyini, işğal olunmuş ərazilərdən bir milyondan çox azərbaycanlının etnik təmizləməyə məruz qalaraq qovulduğunu bildirmişdir.

Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələr adi sərhəd toqquşması olmayaraq, Ermənistan tərəfindən əvvəlcədən planlaşdırılmış və Azərbaycana qarşı davam edən hərbi təcavüz xarakteri daşıyır. Ermənistan bu təxribat vasitəsilə Ermənistan-Azərbaycan münaqişəsindən və bu münaqişəyə görə üzərinə düşən məsuliyyətdən boyun qaçırmağa, regionda yeni gərginlik ocağı yaratmağa çalışır və regionu yeni təhlükələrlə üzbəüz qoyur.

Rəsmi Yerevan üzvü olduğu Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatını münaqişəyə cəlb etməyə çalışaraq çirkin və məsuliyyətsiz siyasi oyun aparmağa səy göstərir. Ermənistan kənarda qaldığı Şərq-Qərb nəqliyyat dəhlizinə, regional əlaqə layihələrinə xələl gətirmək məqsədi güdür. Eyni zamanda, bu təxribat yolu ilə Ermənistan rəhbərliyi COVID-19 pandemiyasının ölkədə geniş yayılması şəraitində kəskin sosial-iqtisadi problemlərdən diqqəti yayındırmağa çalışır.

Bu xüsusda, Azərbaycana qarşı hərbi təcavüzə görə Ermənistan bir dövlət olaraq beynəlxalq hüquqi məsuliyyət daşıyır.

Erməni rəhbərliyinin “Qarabağ Ermənistandır və nöqtə” deməklə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin anneksiyası siyasəti aparılmaqdadır və bu kimi açıqlamalarla Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin formatını və mahiyyətini dağıdır. Bu, ilk növbədə həmsədr ölkələrə qarşı hörmətsizlikdir.

növbəti xəbər əvvəlki xəbər