2020-07-20
Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyinin qarşısında erməni təxribatçıları tərəfindən təşkil olunmuş icazəsiz aksiya və Səfirliyin binasına qarşı törədilmiş vandal aktlarına dair Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyinin press-relizi (20.07.20)

19 iyul, 2020-ci il tarixində yerli vaxtla saat 14:50-də erməni FRA Daşnaksütyun partiyası və onun gənclər qolu olan FRA Nor-Seround fraksiyasının, habelə erməni təşkilatları əlaqələndirmə şurası (CCAF), Charjoum və digər radikal yönümlü diaspor təşkilatlarının üzvləri tərəfindən ümum-Fransa səfərbərliyi elan edərək Parisdə, Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyinin qarşısında icazəsiz aksiya təşkil olunmuşdur.

Sosial şəbəkələrdə Azərbaycan Səfirliyini yandırmaqla hədələyən, o cümlədən ASALA terror təşkilatının dırnaqarası fəaliyyətinə rəğbəti əks etdirən çoxsaylı çağırışlar yayılmışdır. Radikal yönlü və erməni əsilli fransız vətəndaşları yerli vaxtla saat 14:15-dən etibarən Səfirliyin inzibati binası yerləşən küçəyə toplaşaraq, polis qüvvələrinin olmasına məhəl qoymayaraq dərhal planlaşdırılmış təxribat fəaliyyətinı başlamışlar. Aksiya iştirakçılarının sayının artdığını, eləcə də iştirakçılarda zorakı davranışlar müəyyən edən polis Səfirlik önünə əlavə xüsusi təyinatlı qüvvə cəlb etmək məcburiyyətində qalmışdır. Polisin səyi ilə Azərbaycan Səfirliyinin binasına yaxınlaşaraq ona xəsarət yetirməyə çalışan radikal iştirakçılar binadan uzaqlaşdırılmışdır.

Buna baxmayaraq, qanunsuz aksiya iştirakçıları xüsusi vandalizm nümayiş etdirərək nalayiq ifadələr səsləndirmiş, Azərbaycan bayrağını yandırmış, səfirliyin binasına daş və xüsusi partlayıcı maddələr ataraq pəncərələri sındırmış, Səfirliyin binasına zərər yetirmişdir.

Aksiya iştirakçıları arasında Fransada erməni təşkilatlarının əlaqələdirmə şurasının həmsədrlərindən olan Murad Papazyan, eləcə də Fransada erməni apostolik kilsə yeparxiyasının rəhbəri Vahan Hovanessyan da olmuşdur. Məhz bu şəxslər kütləni Səfirliyə qarşı aqressiv davranışa təhrik etmişlər.  

Fransa Xarici İşlər Naizirliyinin müdaxiləsi, eləcə də polis və jandarmeriyanın dəstəyi nəticəsindı qanunsuz aksiya iştirakçıları ərazidən uzaqlaşdırılmışdır. Dağılışmaq məcburiyyətində qalan təxribatçılar ətrafdakı azərbaycanlılarla hücum etmişdir. Polisin cəld reaksiyası sayəsində soydaşlarımz ciddi xəsarət almamışdır. Bir nəçə aqressiv şəxs polis tərəfindən saxlanılmış və polis bölməsinə aparılmışdır.

Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyi Fransa Daxili İşlər Nazirliyinin aidiyyəti qurumlarına və bu ölkənin Xarici İşlər Nazirliyinə Səfirlik önündə törədilmiş növbəti təxribat barədə müvafiq məlumat və materiallar təqdim etmişdir.

Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyi icazəsiz və sivil şəkildə təşkil olunmamış, eləcə də Fransa Konstitusiyasında əks olunmuş sərbəst toplaşmaq maddəsinə zidd olan bu aksiyanı, eləcə də erməni təxribatçıları tərəfindən törədilən vandalizm aktlarını qəti şəkildə pisləyir. Azərbaycan Səfirliyinə qarşı törədilmiş bu təxribat, erməni radikal qruplarının zorakılıq və vandalizm əməllərinə meylli olduqlarının daha bir sübutu olmaqla yanaşı, 1961-ci il Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasının kobud şəkildə pozulmasıdır.

növbəti xəbər əvvəlki xəbər