2020-07-23
Fransadakı səfirimiz “Radio Courtoisie” radiosunda Azərbaycanın Tovuz rayonu istiqamətində erməni hərbi təxribatından danışıb

İyulun 12-də erməni silahlı qüvvələri daha üstün mövqelər əldə etmək üçün artilleriyadan istifadə edərək, Azərbaycanın Tovuz rayonu istiqamətində hərbi təxribata əl atıb. Azərbaycan silahlı qüvvələri adekvat cavab tədbirləri görməyə məcbur olub. Erməni təxribatı nəticəsində 10 hərbçi və mülki şəxs həlak olub və xeyli sayda əsgər yaralanıb.

Erməni silahlı qüvvələrinin beynəlxalq humanitar hüququ pozaraq, məqsədyönlü şəkildə sərhəd boyu mülki obyektləri hədəfə alması narahatlıq doğurur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev “Radio Courtoisie” radiosunda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatdan danışanda bildirib.

Səfir qeyd edib ki, Ermənistanın provokasiyaları bu ölkənin rəhbərlərinin fəaliyyətində və bəyanatlarında aydın şəkildə görünür. Onlar Azərbaycanın suverenliyini və ərazi birliyini hədəfə alırlar. Baş nazir Nikol Paşinyan 2019-cu il avqustun 5-də Azərbaycanın erməni işğalı altındakı ərazisi olan Dağlıq Qarabağa qeyri-qanuni səfəri zamanı çıxışı, eləcə də Ermənistanın müdafiə naziri “yeni üstün mövqelər” əldə etmək üçün hərbi əməliyyatları genişləndirməklə bağlı açıq təhdidlər etməsi erməni provokasiyalarına misaldır. Ermənistan rəhbərliyinin gərginliyi artırmaq üçün istifadə etdiyi belə provokasiyalar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllindən diqqəti yayındırmaq məqsədi daşıyır.

“Ermənistanda ciddi daxili problemlər, xüsusilə sosial və iqtisadi sahələrdəki çətinliklər, insan azadlığı və hüquqlarının pozulması, siyasi müxalifətə qarşı repressiyalar, Paşinyanın populyarlığına son qoyan hakimiyyətdən sui-istifadə etmək məqsədilə qanunvericiliyin pozulması halları da son təxribatın səbəblərindəndir”,-deyə səfir diqqətə çatdırıb.

Ermənistanda Konstitusiya məhkəməsinin qərarına riayət etmədən və referendum keçirmədən Konstitusiyada dəyişiklik edilməsini xatırladan səfir vurğulayıb ki, iqtisadi və siyasi, eləcə də humanitar böhrandan zəifləyən Paşinyan hökuməti Azərbaycana qarşı hərbi təxribatlar törətməklə daxili gündəliyi beynəlxalq gündəliklə əvəzləməyə, erməni xalqının diqqətini daxili problemlərdən yayındırmağa və ölkənin qondarma xarici təhdid qarşısında olduğunu deyərək xalqı çaşdırmağa çalışır.

Son erməni hərbi təxribatının Tovuz istiqamətində törədilməsinin təsadüf olmadığı, bu təxribatın digər hədəfinin Azərbaycanın neft və qaz infrastrukturu olduğu vurğulanıb.

Səfir Azərbaycanın mövqeyindən söz açaraq, ölkəmizin münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu bildirərək, lakin, lazım gələrsə BMT Nizamnaməsinin VII fəslinin 51-ci maddəsində nəzərdə tutulduğu kimi özünümüdafiə hüququndan istifadə edəcəyini deyib.

ATƏT-in Minsk Qrupunun həmsədri, Avropa İttifaqının üzvü qismində, eləcə də ikitərəfli münasibətlər çərçivəsində Fransadan gözləntilərdən danışıb.

Vurğulayıb ki, Ermənistan provokasiyaları ilə Azərbaycanı nüfuzdan salmaq istəyir. Ermənistan təxribatlara əl atmaqla Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı olmadığını bir daha göstərir.

Həmçinin “Radio Courtoisie” radiosunda Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının (ADFA) prezidenti Günel Səfərova da çıxış edərək, Azərbaycanın Tovuz rayonu istiqamətində ermənilərin törətdiyi hərbi təxribat zamanı həlak olmuş hərbçilərimizin xatirəsini hörmətlə anıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin humanitar məsələlərinə toxunub. Bir milyondan çox azərbaycanlının doğma yurdundan didərgin salınaraq, qaçqın və məcburi köçkün vəziyyətinə düşməsindən, torpaqlarımızın 20 faizinin erməni silahlı qüvvələrinin işğalı altında olmasından söz açıb.

Hazırda erməni əsirliyində olan azərbaycanlı mülki şəxslərdən, xüsusilə də Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışıb.

növbəti xəbər əvvəlki xəbər