2018-05-11

Fransanın Alfortvil şəhəri ilə işğal altında olan Laçın şəhəri arasında imzalanmış qeyri-qanuni “xartiya” ləğv edilib

"Fransada fəaliyyət göstərən erməni lobbi dairələri 2013-cü ildən etibarən Azərbaycanın işğal altında olan şəhərləri ilə Fransanın şəhər və qəsəbələri arasında “qardaşlıq” adı altında qeyri-qanuni sənədlər imzalamağa və bu kimi addımları qondarma rejimin təbliği üçün istifadə etməyə çalışır".

 

Bunu APA-ya açıqlamasında Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

 

H. Hacıyev bildirib ki, Xarici İşlər Nazirliyi və Azərbaycanın Fransadakı səfirliyinin Fransanın müvafiq qurumları ilə apardığı birgə işin nəticəsində İl-dö-Frans regionun Alfortvil şəhəri  tərəfindən ölkəmizin işğal olunmuş Laçın şəhəri ilə 2017-ci ildə imzalanmış qeyri-qanuni “xartiya” ləğv edilib (“la Charte d’amitié entre Alfortville et Berdzor”).

 

"2017-ci ilin iyun ayının 30-da Alfortvil şəhər bələdiyyə şurası tərəfindən qeyri-qanuni “xartiya”nın imzalanması haqqında qərar qəbul edilmişdi. Alfortvil şəhərinin yerləşdiyi Val-dö-Marn departamentinin prefekti tərəfindən Alfortvil bələdiyyə şurasına 30.08.2017-ci il tarixində qərarın könüllü şəkildə ləğv edilməsi üçün iddia (fr. recours gracieux) göndərilmiş, lakin cavabsız qalmışdı.

 

Bununla əlaqədar olaraq, Val-dö-Marn departamentinin prefekti tərəfindən 2017-ci ilin noyabr ayının 17-də imzalanmış qeyri-qanuni “xartiya”nın inzibati qaydada ləğv edilməsi məqsədilə məhkəməyə müraciət edilib.

 

Buna baxmayaraq, bələdiyyə şurasının qərarı əsasında 2017-ci ilin noyabr ayının 20-də Alfortvil meri tərəfindən qeyri-qanuni “xartiya” imzalanıb.

 

2018-ci ilin mart ayının 8-də məsələ ilə əlaqədar məhkəmənin ilk iclası keçirilib və dövlət ittihamçısı Fransa yerli özünüidarəetmə orqanları üzrə Ümumi Məcəlləsinin L1115-1 bəndinin (sözügedən qurumlar tərəfindən imzalanmış sazişlərin Fransanın beynəlxalq öhdəlikləri ilə uyğun olmasına dair) pozulması ilə əlaqədar məhkəmə tərəfindən sözügedən “xartiya”nın ləğv edilməsini tələb edib.

Nəticədə, 2018-ci ilin aprel ayının 12-də Alfortvil şəhərinin bələdiyyə şurası, məhkəmənin qərarını gözləmədən, 41 səs lehinə, 1 səs bitərəf olmaqla qeyri-qanuni “xartiya”nın (“la Charte d’amitié entreAlfortville et Berdzor”) imzalanmasına dair 30 iyun 2017-ci il tarixli qərarını ləğv etmək məcburiyyətində qalıb. Qeyd edək ki, bələdiyyə şurasının üzvlərindən 7 nəfər erməni əsilli şəxsdir.

Alfortvil şəhərinin meri Mişel Gerşinovitz qərarın ləğv edilməsi ilə əlaqədar qeyd edib ki, “aprelin 12-də təqiblərin qarşısının alınması məqsədilə mən bələdiyyə şurasından qərarın ləğv edilməsini xahiş etdim. Əks halda, bu hökm “artsax diplomatiyasına” ziyan vuracaq bir məhkəmə aktı olacaqdı”.

Biz Val-dö-Marn departamentinin prefektinin, qeyri-qanuni “xartiya”nın ləğv edilməsi məqsədilə məhkəməyə müraciət etməsi qərarını alqışlayır və digər qeyri-qanuni “xartiya”ların ləğv edilməsi məqsədilə, Fransa mərkəzi icra hakimiyyəti orqanları və həmçinin prefektlərin analoji addım atacağını gözləyirik.

Eyni zamanda Fransa XİN və bu ölkənin digər cavabdeh qurumlarını Fransa yerli özünüidarəetmə orqanları tərəfindən işğal olunmuş ərazilərimizlə bağlı bütün qeyri-qanuni fəaliyyətin, o cümlədən bura qeyri-qanuni səfərlərin təşkil edilməsinin qarşısının alınmasında sərt addımların atılmasına çağırırıq", - deyə o vurğulayıb.

https://apa.az/xarici_siyaset/fransanin-alfortvil-seherinin-isgal-altinda-olan-lacin-seheri-ile-imzalanmis-qeyri-qanuni-xartiya-legv-edilib-346.html

Arxiv üzrə axtarış