2019-02-06

Çeyz Keri: Azərbaycan Formula 1 yarışı üçün ideal məkandır

Formula 1 Azərbaycan Qran-Prisi 2023-cü ilədək Bakıda təşkil ediləcək.

AZƏRTAC xəbər verir ki, fevralın 5-də Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Formula 1 Qrupunun baş icraçı direktoru Çeyz Keri bununla əlaqədar müqavilə imzalayıblar.

Azərbaycan Qran-Prisinin keçirilməsinə dair müqavilənin müddətinin uzadılmasından məmnunluğunu bildirən A.Rəhimov deyib: “Bu bizim üçün qürurverici hadisədir. Son bir neçə il ərzində paytaxt sakinlərinin arzuları gerçəkləşdi və biz Bakıda keçirilən Formula 1 yarışlarının sadə bir ideyadan bu idmanın tarixində həyəcan və gərginliklə dolu ən maraqlı yarış həftəsonlarından birinə çevrilməsinə hamılıqla şahid olduq. Həmçinin bu yarışlarda biz Formula 1 yarışının ən maraqlı məqamlarını da müşahidə edə bildik”.

Nazir vurğulayıb ki, hər il dünyanın müxtəlif ölkələrindən Bakıya daha çox avtoidman həvəskarı təşrif buyurur. Biz şadıq ki, dünya avtoidman ictimaiyyəti Azərbaycan Qran-Prisinə böyük maraq göstərir. A.Rəhimov bu uğurun qazanılmasında göstərdikləri böyük dəstəyə görə Çeyz Keri başda olmaqla Formula 1 Qrupunun kollektivinə təşəkkürünü bildirib.

“Müqavilənin uzadılması nəticəsində yerli və regional biznes qurumları Formula 1-in qlobal platformasından daha çox faydalanmaq imkanına sahib olacaqlar. Digər tərəfdən, yarış həvəskarları daha çox əyləncə imkanı əldə edəcəklər. Bunun nəticəsində biz öz kommersiya gəlirlərimizi maksimum səviyyədə artıra biləcəyik. Bu fürsəti nəzərə alaraq, deyə bilərəm ki, müqavilənin uzadılması bizim üçün heç vaxt mübahisəli məsələ olmayıb. Biz böyük məmnuniyyətlə builki yarış da daxil olmaqla daha 5 Qran-Priyə ev sahibliyi etməyə hazırıq”, - deyə A.Rəhimov bildirib.

Çeyz Keri Azərbaycanın Formula 1 yarışı üçün ideal məkan olduğunu bildirərək deyib: “Çox şadıq ki, bu müqaviləni yeniləməklə biz Azərbaycan Qran-Prisini daha bir neçə il ərzində Formula 1 dünya çempionatında görə biləcəyik. Bakı yarışı gərgin mübarizə və həyəcan dolu anlarla çox qısa müddətdə mövsümün ən məşhur Qran-prilərindən birinə çevrildi. Azərbaycan daim yüksək qonaqpərvərlik nümayiş etdirir. Gözoxşayan Bakıda isə mükəmməl yarış üçün möhtəşəm ab-hava hökm sürür. Bu baxımdan bütün avtoidman həvəskarlarını çox maraqlı yarışı qaçırmamaq üçün Formula 1 Azərbaycan Qran-Prisinə baxmağa dəvət edirəm”.

Bakıda ilk dəfə Formula 1 Qran-Prisi 2016-cı ildə təşkil olunub. Baxımlılığı ilə seçilən Bakı yarışı həmişə ilin ən yaxşı Qran-priləri arasında yer alır.

https://azertag.az/xeber/CHeyz_Keri_Azerbaycan_Formula_1_yarisi_uchun_ideal_mekandir-1242095

Arxiv üzrə axtarış