2019-09-12

XİN: Fransa deputatlarının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfərini qəti şəkildə pisləyirik

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi fransız deputatların Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfəri ilə bağlı məsələni şərh edib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı verilən açıqlamada deyilir: “Fransa parlamentarilərinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfərini qəti şəkildə pisləyirik.

Yerli azərbaycanlı əhalinin qanlı etnik təmizləməsini həyata keçirən və münaqişənin həlli çərçivəsində məcburi köçkünlərin əzəli yaşayış yerlərinə qayıtmalarının qarşısını almaq üçün əlindən gələni edən Ermənistan tərəfindən ölkəmizin işğal olunmuş ərazilərinə bu qanunsuz səfərin həyata keçirilməsi Fransa parlamenti üzvlərinin rəhbər tutmalı olduqları "azadlıq, bərabərlik, qardaşlıq" yüksək ideallarına və fundamental insan hüquqlarına tamamilə ziddir.

Qeyd etmək lazımdır ki, bu addım qərəzli, Fransanın erməni lobbisinin təsiri altında olan və əvvəlki qanunsuz səfərləri səbəbindən adı artıq Azərbaycana girişi arzuolunmaz şəxslər siyahısında yer alan Gi Tesye (Guy Teissier) kimi deputatlar tərəfindən atılıb. Ona qoşulan qanunsuz səfərin digər iştirakçılarının, deputatlar Valeri Buaye (Valérie Boyer), Jan-Pyer Cübertafon (Jean-Pierre Cubertafon), Məhəmməd Laqhila (Mohamad Laqhila), Daniel Kazaryan (Danièle Cazarian), Giyom Kasparyan (Guillaume Casbarian) və senator Pyer Uzuliasın (Pierre Ouzoulias) da adları müvafiq olaraq həmin siyahıya salınacaqdır.

Bununla əlaqədar Fransanın ölkəmizdəki müvəqqəti işlər vəkili Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və ona Fransa tərəfinə ünvanlanan etiraz notası təqdim edilib. Sənəddə bu cür qanunsuz səfərlərin həyata keçirilməsinin ATƏT-in Minsk qrupu həmsədrlərinin, o cümlədən Fransanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunması məqsədini güdən səylərini ciddi şəkildə sarsıtdığına, eyni zamanda, bu prosesdə vasitəçi qismində Fransanın nüfuzuna xələl gətirdiyinə xüsusi diqqət çəkilir.

Fransa hökumətini bir daha bu ölkənin parlamentarilərinin Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış status-kvonun möhkəmləndirilməsinə yönəlmiş qanunsuz səfərlərinin qarşısını almaq üçün qətiyyətli tədbirlər görməyə və bununla da, öz beynəlxalq öhdəliklərinin düzgün yerinə yetirilməsi maraqlarını rəhbər tutaraq, nizamlamada vasitəçi kimi qərəzsiz yanaşmasının ardıcıllığını təsdiq etməyə çağırırıq”.

https://azertag.az/xeber/XIN_Fransa_deputatlarinin_Azerbaycanin_isgal_olunmus_Dagliq_Qarabag_bolgesine_qanunsuz_seferini_qeti_sekilde_pisleyirik-1328963

Arxiv üzrə axtarış