2019-11-08

Parisdə Rus Pravoslav Dini–Mədəniyyət Mərkəzində azərbaycanlı rəssamın əsərləri sərgilənir

Parisdə “Stella Art İnternational” Assosiasiyasının təşkilatçılığı ilə Rus Pravoslav Dini–Mədəniyyət Mərkəzində müxtəlif xalqları təmsil edən 15 rəssamın əsərlərindən ibarət “Görüş ruhu” (Esprit de rencontre) adlı sərginin açılışı olub. Sərgidə azərbaycanlı rəssam Nigar Nərimanbəyovanın əsərləri də nümayiş etdirilir.

AZƏRTAC xəbər verir ki, tanınmış Azərbaycan rəssamı Vidadi Nərimanbəyovun işinin davamçısı olan N.Nərimanbəyova “Fantaziya” və “Şahzadə” əsərləri ilə sərgiyə qatılıb. Qeyd edək ki, N.Nərimanbəyova “Stella Art İnternational” Assosiasiyası yaranandan onun üzvüdür və assosiasiyanın təşkil etdiyi sərgilərdə onun əsərləri daim nümayiş olunur.

Parisdə rəssamlar arasında böyük nüfuza malik “Stella Art İnternational” Assosiasiyasının sədri Stella Kalinina azərbaycanlı rəssamın əsərlərinin insanlara nağıla dönmüş xoş və unudulmaz uşaqlıq illərini xatırlatdığını, sərgi ziyarətçilərində yüksək əhval-ruhiyyə yaratdığını qeyd edib. Bildirib ki, rəssam həmişə tamaşaçıları dərindən düşünməyə sövq edən mənalı mövzular seçir.

Sərgi noyabrın 25-dək davam edəcək.

https://azertag.az/xeber/Parisde_Rus_Pravoslav_Dini_Medeniyyet_Merkezinde_azerbaycanli_ressamin_eserleri_sergilenir-1352864

Arxiv üzrə axtarış