Beynəlxalq Nəqliyyat Forumunun illik məsləhətləşmə sessiyası işə başlayıb
Paris, 2 dekabr, AZƏRTAC
Parisdə Beynəlxalq Nəqliyyat Forumunun (ITF) illik məsləhətləşməsilə bağlı sessiyası işə başlayıb. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) konfrans mərkəzində Beynəlxalq Nəqliyyat Forumunun (ITF) Beynəlxalq Təşkilatlarla illik məsləhətləşməsi çərçivəsində Azərbaycanın Fransadakı səfiri və ITF-in 2025–2026-cı illər üzrə sədrliyinin nümayəndəsi Leyla Abdullayeva tədbirin açılış mərasimində çıxış edərək, ölkəmizin sədrliyinin prioritetlərindən danışıb.
AZƏRTAC xəbər verir ki, L. Abdullayeva çıxışında Azərbaycan sədrliyinin əsas istiqamətlərini, nəqliyyat sistemində davamlılığın qlobal əhəmiyyətini və beynəlxalq təşkilatlarla sıx əməkdaşlığın vacibliyini vurğulayıb.
Azərbaycan səfiri çıxışının əvvəlində ITF Baş katibi Dr. Young Tae Kimə və katibliyə təşəkkürünü bildirərək tədbirin illərdir qlobal nəqliyyat ictimaiyyəti üçün mühüm əməkdaşlıq platformasına çevrildiyini qeyd edib.
Azərbaycanın 2025–2026-cı illər üzrə ITF sədrliyini böyük məsuliyyət və ciddi öhdəlik hissi ilə qəbul etdiyini bildirən diplomat, son aylarda üzv dövlətlərlə, qurumlarla və tərəfdaşlarla intensiv əməkdaşlıq aparıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, bugünkü məsləhətləşmə dayanıqlı, rəqabətqabiliyyətli və inklüziv nəqliyyat sistemlərinin qurulması üçün ortaq baxışların formalaşdırılması baxımından mühüm mərhələdir.
L.Abdullayeva ITF-in 2025–2027-ci illər üçün müəyyən etdiyi “Nəqliyyat Davamlılığı” trilogiyasının əhəmiyyətinə toxunub. Bildirilib ki, bu çərçivədə “Dayanıqlı nəqliyyatın maliyyələşdirilməsi - ITF 2026” və “Dayanıqlı nəqliyyatın idarə olunması - ITF 2027” kimi iki mühüm Sammit keçiriləcək.
Diplomatın fikrincə, davamlılıq sadəcə bir mövzu deyil, zamanımızı müəyyən edən əsas çağırışdır. İqlim hadisələri, geosiyasi risklər, təchizat zəncirlərindəki pozuntular və sürətli texnoloji dəyişikliklər fonunda qlobal nəqliyyat sistemi həmişəkindən çox çevikliyə və uyğunlaşma qabiliyyətinə ehtiyac duyur.
Leyla Abdullayevanın sözlərinə görə, beynəlxalq təşkilatların bu prosesdə müstəsna rolu var. Onlara məxsus məlumat bazası, tənzimləmə təcrübəsi, sahə üzrə araşdırmalar və fikirlər sübutlara əsaslanan siyasətin formalaşması üçün vacibdir. Səfir qeyd edib ki, bu məsləhətləşmə yalnız məlumat mübadiləsi deyil, qlobal çağırışlara birgə cavab vermək üçün ortaq siyasi xəttin formalaşdırılmasıdır.
Səfir Leyla Abdullayeva çıxışında bildirib ki, strateji nəqliyyat dəhlizlərinin inkişafı, rəqəmsallaşdırma, sərhəd prosedurlarının optimallaşdırılması, xüsusilə Orta Dəhlizin qlobal təchizat zənciri dayanıqlığı üçün əhəmiyyətlidir. Qeyd edilib ki, coğrafi cəhətdən daha çox ölkənin iştirakı qlobal siyasət dialoqunu zənginləşdirəcək və yeni regionlardan təcrübələrin cəlb edilməsinə imkan verəcək. Həmçinin, Azərbaycan sədrliyinin məqsədi ECMT çoxşaxəli kvota sisteminin şəffaf və ədalətli şəkildə genişlənməsi, eləcə də beynəlxalq yol daşımalarının daha səmərəli inkişafıdır.
Leyla Abdullayeva çıxışında beynəlxalq təşkilatları fəal əməkdaşlığa dəvət edib: “Ortaq prioritetləri ortaq irəliləyişə çevirəcəyimizə inanırıq”.
ITF Azərbaycan sədrliyi: Dayanıqlı nəqliyyat üçün birlikdə hərəkət edək VİDEO - AZƏRTAC