Parisdə Azərbaycan mədəni irsi təqdim olunub
14 aprel, Paris
Azərbaycan Dostları Assosiasiyası (ADA) Fransadakı Azərbaycan Səfirliyinin dəstəyi ilə Parisdə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin muzeyinə özəl ziyarət təşkil edib.
Məhdud sayda iştirakçını bir araya gətirən bu tədbir fransız auditoriyasına Azərbaycan mədəni irsinin zənginliyini təqdim edib. Assosiasiyanın prezidenti Jerom Begən və baş katibi Mirvari Fataliyevanın müşayəti ilə keçirilən ziyarət zamanı qonaqlar Azərbaycanın ənənələri, tarixi və incəsənəti ilə yaxından tanış olublar.
Tədbirdə müxtəlif sahələri təmsil edən nümayəndələr; incəsənət xadimləri, jurnalistlər, tədqiqatçılar, mədəniyyət sahəsi üzrə mütəxəssislər və ictimai fəallar iştirak ediblər.
İştirakçıların böyük marağı və səmimi müzakirələr Azərbaycan mədəniyyətinə beynəlxalq səviyyədə artan diqqəti bir daha nümayiş etdirib. Tədbir dostluq mühitində başa çatıb və qonaqlarla təşkilatçılar arasında ünsiyyət üçün gözəl imkan yaradıb.
Bu təşəbbüs vasitəsilə ADA Fransada Azərbaycan mədəniyyətinin təbliğini və mədəniyyətlərarası dialoqun inkişafını davam etdirir.