En visite officielle en Azerbaïdjan, le Secrétaire d'Etat français Jean-Vincent Placé a visité le centre "Services ASAN" N°3 /
Fevralın 8-də Fransa Respublikasının Baş naziri yanında dövlət islahatları və asanlaşdırma məsələləri üzrə Dövlət katibi, hökumətin üzvü və Ekologist Partiyasının sədri Jean-Vincent Plase 3 saylı “ASAN xidmət” mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Dövlət katibi “ASAN xidmət”in müasir texnoloji avadanlıqla təchiz edilmiş irihəcmli səyyar avtobusu ilə tanış olub.
Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov qonağa qurum haqqında məlumat verib. Bildirib ki, “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların razı salınması, şəffaflığın təmin edilməsi, müasir texnologiyaların, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasıdır. “ASAN xidmət” mərkəzinin əsas prinsipləri operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıqdır. Vətəndaşların burada bütün növ elektron xidmətlərdən yararlanmaları üçün hər cür şərait vardır. “ASAN xidmət” mərkəzlərində insanlara operativ və rahat formada, müasir texnologiyalar, həmçinin innovasiyalar tətbiq edilməklə xidmət göstərilir. Bu da öz növbəsində vətəndaşlara xidmət sektorunda şəffaflığın təmin edilməsində və korrupsiyanın qarşısının alınmasında mühüm rol oynayır. Burada vətəndaşların gözləmələri və vaxtlarını səmərəli keçirmələri üçün funksional yardımçı xidmətlər - bank, sığorta, hüquqi yardım və tərcümə mərkəzləri, laboratoriya, tibbi xidmət, internet-kafe, poçt şöbələri, fotostudiya fəaliyyət göstərir.
Tanışlıqdan sonra təəssüratlarını bölüşən Dövlət katibi Azərbaycanda “ASAN xidmət” modelinin uğurla fəaliyyət göstərdiyini bildirərək deyib: “Biz də Fransada belə bir elektron hökumət xidməti yaratmağa çalışırıq. “ASAN xidmət”in səyyar avtobus modelini Fransanın üç regionunda tətbiq etmək istəyirik”.