Xocalı soyqırımının şahidləri acı xatirələrini bölüşüblər (AzerTac)
Parisdə Azərbaycanın Mədəniyyət Mərkəzində ölkəmizin Fransadakı səfirliyinin və Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə “Xocalı-25 illik sükut: soyqırımı həqiqətləri” mövzusunda konfrans-debat keçirilib.
Azərbaycanın Dostları Assosiasiyasının sədri, Fransa Milli Assambleyasının deputatı Jan-Fransua Manselin moderatorluq etdiyi konfransın məruzəçiləri Azərbaycan Milli Məclisinin deputatı Rövşən Rzayev, münaqişə zonalarında geosiyasət üzrə ekspert Didye Şode və tarixçi alim Maksim Quen, eləcə də şahid qismində Xocalı hadisələrinin ağrı–acısını yaşamış, bu hadisələrdə hər iki valideynini itirmiş Əfsanə Ələkbərova və fotojurnalist Reza Deqati soyqırımı ilə bağlı xatirələrini bölüşüblər.
Konfrans Heydər Əliyev Fondunun hazırladığı “Xocalı soyqırımı” sənədli filminin nümayişi ilə başlayıb.
Jan-Fransua Mansel filmlə bağlı fikrini söylədikdən sonra bildirib ki, Fransa Prezidentinin ölkədə genosid və bəşəriyyətə qarşı cinayət gününün qeyd olunması üçün xüsusi bir gün təyin olunması təklifini irəli sürdüyünü eşidən kimi Xocalı soyqırımının da bu siyahıya əlavə edilməsi ilə bağlı hökumətə müraciət edib.
Milli Məclisin deputatı Rövşən Rzayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, Xocalı soyqırımı haqqında ətraflı məlumat verib, xalqımıza qarşı aparılan etnik təmizləmə siyasətindən danışıb. Deputat bildirib ki, beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müvafiq qətnamə və qərarlar qəbul etsələr də, onlar hələ də həyata keçirilməyib. 2016-cı ilin aprelində baş vermiş hadisələr Azərbaycan Ordusunun gücünü göstərdi. Bununla belə, ölkəmiz münaqişənin sülh yolu ilə həllinə üstünlük verir.
Qeyd edib ki, 2016-cı ilin noyabrında Bakıda üç erməni və üç azərbaycanlı ilə birlikdə “Ermənistan-Azərbaycan sülh platforması”nın yaradılmasına dair fikir mübadiləsi aparılıb. Dekabrın 6-da qeydiyyata alınan “Ermənistan-Azərbaycan sülh platforması”nın məqsədi vətəndaş cəmiyyətləri arasında dialoqu davam etdirmək və ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə verməkdir. Deputat Fransa cəmiyyətini bu platformaya qoşulmağa və onları dəstəkləməyə çağırıb.
Xocalı hadisələrinin şahidi, bu hadisələrdə hər iki valideynini itirən Əfsanə Ələkbərova şəhid şəhərin şahid sakini olduğunu bildirib və yaşadığı faciələrdən danışıb. Xocalı soyqırımında onun kimi 25 uşağın hər iki valideynini itirdiyini, 8 ailənin tamamilə məhv edildiyini diqqətə çatdırıb. Xocalının mühasirədə olduğunu, mütəmadi ermənilər tərəfindən atəşə tutulduğunu, soyqırımı gecəsində ermənilərin dinc əhaliyə çıxması üçün azad dəhliz vermədiklərini, bu gün həmin hadisələrlə bağlı yalan informasiyalar yaydıqlarını bildirib. O, xocalılıların öz doğma yurdlarına qayıtmaq istəyi ilə yaşadıqlarını qeyd edib.
Ə.Ələkbərova valideyn qayğısından məhrum olsa da, dövlət qayğısı gördüyünü bildirib. Xocalılıların Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın, “Xocalıya ədalət!” kampaniyasının təşəbbüsçüsü Leyla Əliyevanın qayğısı ilə daim əhatə olunduqlarını vurğulayıb.
Erməni və Azərbaycan icmalarının birgə Qarabağda yaşamasına razı olduqlarını bildirən Ə.Ələkbərova beynəlxalq ictimaiyyəti Ermənistanda saxlanılan azərbaycanlı girovların, əsirlərin qaytarılmasına yardımçı olmağa səsləyib. Dünyada sülhün, barışın və əmin-amanlığın hökm sürməsini arzulayıb.
Jan-Fransua Mansel qeyd edib ki, konfransın məqsədi Xocalı hadisələri ilə bağlı faktları, Azərbaycan reallıqlarını Fransa ictimaiyyətinə çatdırmaqdır.
Maksim Quen çar Rusiyasının XIX əsrdən Qafqazda apardığı siyasətdən danışıb. Azərbaycanın müsəlman əhalisinin xristianlarla əvəz edilməsi siyasətinə toxunub. Ermənistanın ASALA terror təşkilatının həyata keçirdiyi amansız qətllərdən, qanlı cinayətlərdən söz açıb. O, ermənilərin daim özlərini qurban kimi qələmə verdiklərini bildirib. Tarixçi alim ASALA-nın müxtəlif ölkələrdə törətdiyi terror aktlarından danışıb və bu terror aktlarının erməni lobbisi tərəfindən ört-basdır edildiyini bildirib. O, Parisdəki Orli beynəlxalq aeroportunda törədilən terror aktının qurbanlarının sayının göstərildiyindən də çox olmasına baxmayaraq, bu günədək onların xatirəsinə heç bir xatirə lövhəsi qoyulmadığını bildirib. Bu terror aktının, eləcə də Xocalı soyqırımının lazımi səviyyədə qiymətləndirilməməsinin səbəblərinin eyni olduğu vurğulanıb. Tarixçi alim 1960-1980-ci illərdə ermənilər tərəfindən törədilən terror aktlarından, daşnaksutyun partiyasından danışaraq, jurnalistləri daha cürətli olmağa, Papazian və Toranian haqqında həqiqətləri yazmağa çağırıb.
Münaqişə zonalarında geosiyasət üzrə ekspert Didye Şode Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri haqqında məlumat verib. Ekspert Azərbaycanın regionda güclü orduya malik olduğunu vurğulayıb. Ölkəmizin hərbi büdcəsindən danışaraq, onu Ermənistanın dövlət büdcəsi ilə müqayisə edib. D.Şode Azərbaycanın geosiyasi mövqeyini yüksək qiymətləndirib, onun Avropa üçün əhəmiyyətindən bəhs edib. Böyük dövlətlərin münaqişəyə ikili standartlarla yanaşdığını bildirib. O, status-kvonun qəbuledilməzliyini vurğulayıb.
Fotojurnalist Reza Deqati Xocalı soyqırımının ertəsi günü Ağdamda olduğunu bildirib, hadisə ilə bağlı xatirələrini bölüşüb. O, konfrans zamanı nümayiş olunan fotosu haqqında məlumat verib, onun Ağdamda çəkildiyini, bütün səylərinə baxmayaraq, onu Fransa mətbuatında nəşr etdirə bilmədiyini qeyd edib.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov konfrans iştirakçılarına Xocalı soyqırımı ilə bağlı həqiqətlərin təşviq edilməsində verdikləri töhfələrə görə təşəkkür edib. O, 2016-cı ilin aprel ayında baş vermiş hadisələrə toxunub.
Diplomat Heydər Əliyev Fondunun hazırladığı “Xocalı soyqırımı” sənədli filmindən göründüyü kimi dünyanın 14 ölkəsinin parlamentinin Xocalı hadisələrini “soyqırımı” və ya “kütləvi qırğın” kimi qiymətləndirdiyini diqqətə çatdırıb.
İnsan hüquqları, azadlıqlar, dəyərlər ölkəsi olan Fransada da bu hadisələrin milli səviyyədə - parlamentdə qiymətləndirilməli olduğunu bildirib. “Tarix göstərib ki, belə faciəvi hadisələrin unudulması yeni belə hadisələrin törədilməsinə apara bilər. Bir gün Fransa parlamenti həqiqəti olduğu kimi qəbul edib, bu hadisələri tanıyacaqmı?”, - deyə səfir fransalı deputata müraciət edib. O, status-kvonun qəbuledilməz və dözülməz olduğunu vurğulayıb.
Qeyd edib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllini istəməsinə baxmayaraq, Ermənistan danşıqlardan yayınır. Böyük dövlətlərin münaqişəyə ikili standartlarla yanaşdığını qeyd edərək, “Niyə Ermənistana işğalçı ölkə kimi təzyiq göstərilmir? Bir anlıq təsəvvür etsək ki, Azərbaycan Ermənistanın 20 faiz torpağını işğal etmiş olsaydı, vəziyyət eyni olardımı? Yoxsa onu çoxdan bombalayardılar?”, - deyə diplomat ritorik suallarla vəziyyətlə bağlı fikirlərini bildirib. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, heç bir halda Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaradılmasına yol verilməyəcək.
Ölkəmizin UNESCO-dakı daimi nümayəndəliyinin rəhbəri Anar Kərimov Xocalı soyqırımı haqqında verilən ətraflı məlumata görə fransalı tədqiqatçılara təşəkkür edib, soyqırımı ilə bağlı fikirlərini bölüşüb.
Sonda məruzəçilər iştirakçıların suallarını cavablandırıblar. Müzakirələr zamanı Xocalı soyqırımının dünya mətbuatında, eləcə də Fransada geniş işıqlandırılmamasından, medianın susqunluğundan narahatlıq ifadə olunub. İştirakçılar Ermənistanın müstəqil dövlət olmadığını, bu gün gənclərin öz ölkələrində gələcəklərini görmədikləri üçün digər ölkələrə üz tutduqlarını diqqətə çatdırıblar. İştirakçılar Fransız mətbuatının münaqişə ilə bağlı qərəzli mövqe tutduğunu da səsləndiriblər.