2016-11-06

Dağlıq Qarabağda gərginlik: Azərbaycanın mövqeyi - səfir Elçin Əmirbəyov Vatikan radiosuna müsahibə verib (1news.az)

1news.az-ın verdiyi xəbərə görə, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov hadisələrin birtərəfli işıqlandırılmasına etirazını bildirib və bunu nəzərə alan Vatikan radiosu səfirin bu məsələ ilə bağlı müsahibəsini yayımlayıb.

Millət vəkili, Fransa-Azərbaycan parlamentlərarası işçi qrupun üzvü Cavanşir Feyziyev tərəfindən redaksiyamıza təqdim olunan radio-müsahibənin Azərbaycan dilinə tərcüməsini oxucularımızın diqqətinə çatdırırıq:

Aparıcının şərhi: Mayın 17-də Dağlıq Qarabağ bölgəsində yenidən qarşıdurma olub və hər iki tərəfdən həlak olanlar var. Bu, Sovet İttifaqının dağılmasından sonra silahlı münaqişələr meydanına çevrilmiş Qafqazda sonuncu silkələnmədir. Artıq, apreldə dörd gün ərzində intensiv döyüşlər olmuş və müharibənin yenidən başlanması qorxusu yaranmışdı. O vaxtdan Yerevan və Bakı arasında zəif bir atəşkəs razılaşması imzalanıb. Odur ki, indi hər iki ölkənin – Ermənistanın və Azərbaycanın  prezidentləri sülh prosesindən danışmalıdırlar.

17 may toqquşmasından sonra Vatikan Radiosunun fransızdilli redaksiyası fransız araşdırmaçı Gaidz Minasyandan müsahibə götürüb. Minasyan münaqişənin mənşəyindən, Ermənistan ilə Azərbaycan arasında qarşıdurmanın tarixindən danışıb.

Azərbaycanın Parisdəki səfiri bu yayımdan sonra təəssüfünü və bizə bu müsahibəni “münaqişənin tarixinin sırf erməni versiyası” olduğu üçün “son dərəcə qərəzli” hesab etdiyini bildirdi. “Beynəlxalq hüquq hər yerdə tətbiq olunmalıdır” deyə xatırladan səfir təəssüf edir ki, Azərbaycan torpaqlarının işğal altında qalması ilə bağlı Birləşmiş Millətlərin Təhlükəsizlik Şurasının qətnamələri tətbiq olunmamış qalır.

Redaksiya Azərbaycan səfirinin cavab vermək hüququnun olduğunu nəzərə alaraq ona bu imkanı yaratdı. Odur ki, Xavier Sartre Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov ilə görüşmüş və səfir bu münaqişə ilə bağlı öz ölkəsinin mövqeyini açıqlayıb:

Səfir: Bu münaqişə nə bu gün başlayıb, nə də ki, dünən. Burada söhbət lap çoxdan rus imperiyasının İran və Türkiyədən köçürülmüş əhalinin bu ərazilərdə yerləşdirməsi ilə yaradılmış anklavdan gedir ki, burada da əsas məqsəd ehtiyac olduğu halda yerli əhali ilə bu gəlmələr arasında münaqişə yaratmaq imkanı əldə etməkdən ibarət olub. Burada söhbət münaqişədən əvvəl Dağlıq Qarabağ muxtar vilayəti adlanmış və Azərbaycan Sosialist Respublikasının tərkibində olmuş ərazidən gedir. Həmin bu Dağlıq Qarabağ muxtar vilayətini Ermənistandan Azərbaycanın iki rayonu – Laçın və Kəlbəcər rayonları ayırırdı və bu rayonlarda ermənilər yaşamırdı. 80-ci illərin sonunda Dağlıq Qarabağ əhalisnin 75 faizini ermənilər, 25 faizini isə azərbaycanlılar təşkil edirdi. 1987-88-ci illərdə başlamış və 1994-cü ildə dayandırılmış münaqişənin aktiv fazasında, təəssüflər olsun ki, Ermənistan Respublikasının silahlı qüvvələri Dağlıq Qarabağı və onun ətraf bölgələrini işğal edərək bu ərazilərdə etnik təmizləmə həyata keçiriblər.

Yəni Dağlıq Qarabağın əhalisinin 25 faizini təşkil edən azərbaycanlılar və eləcə də ətraf rayonların azərbaycanlı sakinləri öz doğma ocaqlarından didərgin düşdülər.  Söhbət köçkün düşmüş 750 min nəfərdən gedir. Bu münaqişə nəticəsində daha öncə Ermənistanda yaşamış və öz ev-eşiyindən qovularaq qaçqına çevrilmiş 250 min azərbaycanlı da Ermənistanın sərhədindən keçərək Azərbaycana pənah gətirmişlər və beləliklə də qaçqın və köçkünlərin ümumi sayı təxminən bir milyon nəfərə çatmışdır.2016-cı il aprelin əvvəlində baş vermiş hadisələrə gəldikdə isə, qeyd etmək lazımdır ki, 1994-cü ilin mayından etibarən əldə edilmiş atəşkəs aprelin ilk günlərində pozulmuşdu və biz hücumların əsas hədəfinə çevrilmiş silahsız mülki əhalimizi qorumalıydıq.

Buna görə də düşməni geri oturtmaq qərarı verildi. Beləliklə də bu döyüşlər bir neçə gün davam etdi. Sonra isə vasitəçilərin, xüsusilə də Rusiyanın müdaxiləsindən sonra Ermənistan və Azərbaycan ordusunun Baş qərargah rəisləri atəşkəs barədə razılığa gəldilər. Bu razılaşma aprelin 5-də Moskvada onların rus həmkarının  iştirakı ilə imzalandı və qüvvəyə mindi. 1994-cü ildən bəri ən ciddi atəşkəs pozuntusu və ən ciddi silahlı qarşıdurma baş vermişdi. Bu yenilənmiş döyüşlər nəticəsində Azərbaycan silahlı qüvvələri cəbhənin şimal və cənub istiqamətlərində strateji baxımdan əhəmiyyəti böyük olan bir sıra əraziləri – bu döyüşlərin əsas qurbanlarına çevrilmiş mülki əhalinin müdafiəsi üçün çox önəmi olan yüksəklikləri ələ keçirdi.

Müxbir: Ermənistan ilə Azərbaycan arasındakı bu münaqişədə hər iki tərəfdən əhali yaşadığı yerləri tərk etməyə məcbur olub. Hər halda bu münaqişənin mənşəyində əhalisinin əksəriyyəti ermənilərdən ibarət olan Dağlıq Qarabağın statusunun dəyişməsi tələbi durur, sovet imperiyası zamanında da, Azərbaycanın müstəqilliyi dönəmində də… Hər şeyə rəğmən siz əhalisinin əksəriyyəti ermənilərədən ibarət olan bu ərazinin sakinlərinin Ermənistana birləşmək istəməsini qəbul edə bilərsinizmi?

Səfir: Burada həm də suveren dövlətlərin ərazi bütövlüyü prinsipi var. Ümumiyyətlə, bildiyiniz kimi, beynəlxalq hüququn bir çox prinsipləri var, o cümlədən də bəzən bir-biri ilə ziddiyyət təşkil edən bu iki prinsip: bir yandan hansısa bir xalqın öz müqəddəratını həll etməsi prinsipi, digər tərəfdən isə suveren dövlətin ərazi bütövlüyünə hörmət prinsipi. BMT-nin Xartiyasında və eləcə də ATƏT-in Helsinki pinsipində də aydın şəkildə deyilir ki, xlaqların öz müqəddaratını həll etməsi prinsipi suveren dövlətlərin ərazi bütövlüyü prinsipinin pozulması hesabına həyata keçirilə bilməz.

Əgər belə olarsa, digər dövlətlərin ərazisində yaşayan çoxlu sayda milli azlıqların olduğu Avropada dövlətlərin razılığı olmadan belə istəklər ortaya çıxdığı halda nələrin ola biləcəyini təsəvvür etmək belə mümkün olmaz. Odur ki, bu gün Ermənistan Respublikası tərəfindən işğal olunmuş ermənilərin yaşadığı ərazilərin Ermənistana birləşdirilməsi və ya burada ikinci bir erməni dövlətinin yaradılmasının təsəvvür olunması belə mümkün deyil.

Müxbir: Bəs, hətta BMT qətnamələrinə və Azərbaycanın suveren dövlət kimi ərazi bütövlüyünə hörmət prinsipinə əməl olunsa, yenə də bu ərazinin əhalisinin əksəriyyəti erməni olduğunu nəzərə almaq şərtilə Dağlıq Qarabağın gələcəyini necə təsəvvür edirsiniz ?

Səfir: ATƏT-in üç həmsədrinin – Fransa, ABŞ və Rusiyanın rəhəbrlik etdiyi Minsk Qrupu tərəfindən aparılan sülh prosesi var və bu qrup münaqişənin Azərbaycanın və Ermənistanın qəbul edəcəyi həll yolunu arayıb tapmaqla məşğuldur. Aprelin əvvəlindəki  döyüşlər bir daha göstərdi ki, işğalın yaratmış olduğu bu günkü kvo-status qəbul olunmazdır və durum bu cür davam edə bilməz. 1994-cü ildən bəri regionda siyasi, iqtisadi, demoqrafik, hərbi güc nisbətinin dəyişdiyi də göz önündədir və durum, daha 20 il bundan öncəki kimi deyil.

Odur ki, Azərbaycanın öz ərazilərinin qanunsuz işğalına dözəcəyini düşünmək olmaz. Onu da xatırladaq ki, Azərbaycan torpaqlarının işğalı dünya ictimaiyyəti və o cümlədən də BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi ilə kəskin pislənir. Bu qətnamələrin böyük önəmi var. Onlar Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət prinsipini bir daha təsdiq edir. Məsələnin uzun müddətli həllinə nail olmadan bu status-kvonun möhkəmlənməsini təsəvvür etmək mümkün deyil.

Bəs, məsələnin həllinə necə nail olmaq olar ? İşğal kvo-statusunu dəyişmək üçün konkret addımlar atılmalıdır : ilk öncə Dağlıq Qarabağ ətrafındakı bölgələr dərhal işğaldan azad olunmalıdır. Odur ki, vasitəçilərin planına görə, əvvəlcə Ermənistan Respublikasının silahlı qüvvələri işğal etdiyi Qarabağ ətrafındakı beş rayondan geri çəkilir, Azərbaycan ilə Ermənistan və eyni zamanda Türkiyə ilə Ermənistan arasında komunikasiya vasitələri açılır, həmin beş rayonun evlərini tərk etmiş köçkünlərinin geri qaytarılması prosesi başlayır və həm də təbii ki, bu ərazilərdə insanların təhlükəsizliyi təmin olunur. Burada söhbət BMT TŞ-nın bu ərazilərdə sülhü təmin etmək üçün mandat verdiyi ATƏT-insülhün qorunması planından gedir. Sonrakı ikinci mərhələdə isə iki rayonun – Laçın və Kəlbəcər rayonlarından erməni hərbi birləşmələrinin evakuasiyası və Ermənistanı Dağlıq Qarabağ ilə birləşdirəcək dəhlizin parametrlərinin müəyyənləşdiriləşdirilməsi ilə bağlı müzakirələr aparılacaq. Elə bu zaman Dağlıq Qarabağın müvəqqəti statusunun da müzakirəsi başlanacaq.

Müxbir: Bu sülh prosesinin nəticəsi kimi, Qarabağın müvəqqəti statusu çərçivəsində Azərbaycan bu bölgənin müstəqilliyini və yaxud Ermənistana birləşməsini qəbul edə bilərmi?

Səfir: Bu gün bu bölgəyə Azərbaycan dövləti içində daha geniş avtonomiyanın verilməsi barədə danışmaq daha real olar. Mən, artıq, bunu qeyd etdim : Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin qurulması və yaxud bu bölgənin Erməsitana birləşdirilməsi mümkün ola bilməz. Torpaqdan pay verməzlər. Bununla belə, biz anlayırıq ki, hər iki icmanın sülh şəraitində harmonik birgəyaşayışı təmin olunmalıdır : bir tərəfdə çoxluq təşkil edən ermənilər, bir tərəfdə isə azlıq təşkil edən azərbaycanlıların normal birgəyaşayış şərtlərinin təmin olunması ilə bir yerdə yaşaması tam mümkündür.

Azərbaycan əhalisinin əksəriyyəti müsəlman olsa da, tam dünyəvi bir dövlətdir və burada müxtəlif dinlər və müxtəlif etnoslar harmonik şəkildə bir yerdə yaşayırlar. Hesab edirəm ki, bir gün ermənilər də bu sülhdən bəhrələnərək digər millətlər kimi azərbaycanlılarla birgə yaşayacaqlar.

Search in archive