2021-02-27

Parisdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Fransanın paytaxtı Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan anım mərasimi keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, tədbirdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, fransalı professorlar, jurnalistlər və digər şəxslər iştirak ediblər.

Tədbiri R.Mustafayev açaraq insan hüquqlarını hər zaman qoruyan bir ölkə kimi tanınan Fransada da tezliklə Xocalı soqırımına siyasi-hüquqi qiymət veriləcəyinə ümid etdiyini bildirib.

E.Abdullayev isə çıxışında ermənilərin mənfur əməllərindən əl çəkmədiklərini, 44 günlük Qarabağ müharibəsi zamanı da bundan əvvəllər olduğu kimi, Azərbaycanın dinc əhalisini qətlə yetirdiklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Loran Pultye dü Mesnil də Fransa ictimaiyyətinin Xocalı soyqırımı haqqında ətraflı məlumatlandırılması və ona bu ölkədə siyasi-hüquqi qiymətin verilməsi üçün əllərindən gələni etdiklərini və bundan sonra bu işdə səylərini daha da artıracaqlarını deyib.

Natiqlər 2008-ci ildən başlayan “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası haqqında da iştirakçılara məlumat veriblər.

Tədbirdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir çərçivəsində Xocalı soyqırımına həsr edilən rəsm əsərləri nümayiş etdirilib, şəhidlərin ruhuna anım stendi təşkil olunub.

https://report.az/diaspora/parisde-xocali-soyqirimi-qurbanlarinin-xatiresi-anilib/

 

Search in archive