Ümumvətəndaş pasportlarının rəsmi̇ləşdi̇ri̇lməsi̇ qaydaları

Azərbaycan Respublikası vətəndaşına ümumvətəndaş pasportu 14 iyun 1994-cü il tarixli “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilir.

Ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün hər bir Azərbaycan vətəndaşı şəxsən Səfirliyin konsulluq şöbəsinə gəlməli, əl-barmaq izi verməli və aşağıda göstərilən sənədləri təqdim etməlidir. Nəzərə alınmalıdır ki, yeni ümumvətəndaş pasportlarının əldə edilməsi 2-3 ay müddət tələb edə bilər. Yeni pasportların rəsmiləşdirilməsi üçün sənədlərin qəbulu həftənin beş günü 10.00-dan 12.00-dək Səfirliyin Konsulluq şöbəsində aparılır.  

  • 18 yaşı tamam olmuş şəxslərə yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
  1. Ümumvətəndaş pasportunun əsli və surəti;
  2. Şəxsiyyət vəsiqəsinin əsli və surəti;
  3. Ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket;  Ərizə-anketin yalnız 1.1, 1.2, 1.3, 1.4, 1.5, 1.6, 1.7, 1.8  saylı qrafalarındakı suallara tam cavab verin və şəxsi imzası qrafasının altında imza edin;
  4. 2 ədəd 3x4 ölçüdə fotoşəkil;
  5. Konsulluq qeydiyyatı haqqında anket (əgər vətəndaşın ümumvətəndaş pasportunda konsulluq qeydiyyatı haqqında müvafiq təsdiq varsa, anketin doldurulmasına ehtiyac yoxdur);
  6. Fransa ərazisində yaşayış icazəsi və surəti (titre de séjour ou récépissé);
  7. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 16.1.2-ci maddəsinə əsasən, ümumvətəndaş pasportlarının alınması məqsədilə sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə 25 Avro məbləğində dövlət rüsumu;

Qeyd: Yeni ümumvətəndaş pasportu hazır olduqda şəxsən konsulluq şöbəsinin qəbul saatlarında götürə bilərsiniz.

Qeyd: Yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin (Bakı şəhəri, Rəşid Behbudiv küç. 130) kassasında aşağıda qeyd edilmiş yaş kateqoriyalarına uyğun olaraq müvafiq dövlət rüsumu ödənilməlidir. Qeyd edilən dövlət rüsumunun AR DİN-in hökumət ödəniş portalı (https://e-payment.mia.gov.az) vasitəsilə (qeyd edilən portalda ödənişi yalnız şəxsiyyət vəsiqəsi ilə etmək mümkündür) və ya hökumət ödəniş portalı (gpp.az) vasitəsilə (qeyd edilən portalda ödənişi yalnız şəxsiyyət vəsiqəsinin FİN nömrəsi ilə etmək mümkündür) də ödənilməsi mümkündür;

  1. bir yaşınadək uşaqlar üçün - 10 manat;
  2. bir yaşından üç yaşınadək uşaqlar üçün - 20 manat
  3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 30 manat
  4. on səkkiz yaşına çatmış vətəndaşlar üçün - 40 manat

Qeyd: Ümumvətəndaş pasportlarının itirilməsi, oğurlanması, dolması, korlanması və ya məlumat dəyişikliyi ilə əlaqədar yenidən verilməsinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin kassasında əlavə olaraq 10 (on) manat miqdarında dövlət rüsumu ödənilməlidir;

Qeyd: Yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün sənədlər təqdim edildikdə vətəndaşa məxsus vaxtı keçmiş pasport Konsulluq bölməsinə təhvil verilməlidir;

Qeyd: Ümumvətəndaş pasportu itirildikdə və ya oğurlandıqda polis və ya müvafiq səlahiyyətli təşkilatın arayışı təqdim edilməlidir;

Qeyd: 18 – 35 yaş arası hərbi mükəlləfiyyəti olan kişilər tərəfindən yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün sənədlər təqdim edildikdə, həmin şəxsin hərbi bileti və ya möhlət hüququnu təsdiq edən müvafiq hərbi komissarlığın arayışı təqdim edilməlidir. Nəzərə alınmalıdır ki, səhhəti ilə bağlı hərbi biletdə möhlət hüququnun tarixi keçmiş şəxslərə yeni ümumvətəndaş pasportları rəsmiləşdirilmir. Hərbi mükəlləfiyyətlə bağlı qeyd edilən sənədlər təqdim edilmədiyi təqdirdə yeni ümumvətəndaş pasportu məhdudiyyət aradan qalxanadək rəsmiləşdirilmir. 

  • 18 yaşı tamam olmamış şəxslərə yeni ümumvətəndaş pasportu rəsmiləşdirilməsi üçün əlavə olaraq aşağıdakı sənədlər təqdim edilməlidir:
  1. Doğum haqqında şəhadətnamənin əsli və surəti (Fransa tərədindən verilən “act de naissance”-ın apostil və tərcümə edilməsi tələb olunur);
  2. Yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə etiraz edilmədiyi barədə hər iki valideyin razılıq ərizəsi;
  3. Hər iki valideynin şəxsiyyətini təsdiq edən sənədlərin əsli və surəti (pasport və şəxsiyyət vəsiqələri);
  4. Valideynlərin nikah haqqında şəhadətnaməsi (əgər nikah Fransada bağlanılıbsa “act de marriage”-ın apostil və tərcümə edilməsi tələb olunur);
  5. Bir foto şəkil (3X4).

Qeyd: FİN ilə ilk pasport almaq üçün sənədlərini təqdim edən şəxslər tərəfindən yuxarıdakı sənədlərə əlavə olaraq qan qrupu haqqında müvafiq arayış da təqdim edilməlidir;

Azərbaycan Respublikasında dünyaya gəlmiş, 18 yaşı tamam olmamış, Azərbaycan Respublikasının etibarlı şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportuna malik olmayan, lakin Azərbaycan Respublikasının müvafiq qeydiyyat idarəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələri olan şəxslərə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən fərdi identifikasiya nömrəsi alınmaqla (FİN) yeni ümumvətəndaş pasportu rəsmiləşdirilə bilər. Bunun üçün yuxarıda qeyd edilən sənədlərə əlavə olaraq aşağıdakılar da təqdim edilməlidir:

  1. Azərbaycan Respublikasının müvafiq qeydiyyat idarəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələri olan şəxslərin valideyni tərəfindən FİN alınması barədə müvafiq ərizə;
  2. Ərizəyə vətəndaşın doğum haqqında şəhadətnaməsi və valideynlərinin şəxsiyyətini təsdiq edən sənədlərin surəti (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu) əlavə edilməlidir.

Qeyd: Nəzərə alınmalıdır ki, FİN-in alınması təxminən 2-3 ayadək çəkə bilər;

 

Arxiv üzrə axtarış