2019-12-17

Günel Səfərova : Elmi diasporumuz Azərbaycan həqiqətlərinin Fransa ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq VİDEO

Dekabrın 15-də Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində bu ölkədə magistratura və doktorantura pillələrində təhsillərini başa vuran və işləyən, həmçinin təhsilini davam etdirən, elmi tədqiqatlarla məşğul olan elmi diasporumuzun nümayəndələrinin Parisdə bir araya gəlməsi sevindirici haldır. Çünki Fransada nəqliyyat sahəsində kütləvi tətilə baxmayaraq, uzaq şəhərlərdə yaşayan azərbaycanlı gənclərin bu tədbirə qatılması onların Vətənə sevgisini və bağlılığını əks etdirir.

Bu fikirləri Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının (ADFA) prezidenti, Parisdə Azərbaycan elmi diasporunun təsis yığıncağının təşkilatçısı Günel Səfərova AZƏRTAC-a müsahibəsində bildirib.

Təsis yığıncağında elmi diasporun təşəkkülünə və fəaliyyətinə dair fikir mübadiləsinin aparıldığını deyən G.Səfərova bildirib: “Bu iclasda Azərbaycanın Fransada tanıdılmasında və ölkəmizin reallıqlarının təşviqində elmi diasporun roluna dair müzakirələr aparıldı və bu qurumun təməli qoyuldu. Hazırda elmi diasporun strukturuna dair müzakirələr aparırıq, həmçinin idarə heyətinin üzvlərini seçəcəyik. İnanırıq ki, elmi diasporumuz Azərbaycan həqiqətlərinin Fransa ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq”.

Günel Səfərova Azərbaycanın elmi diasporunun yaradılmasına göstərdikləri dəstəyə görə ölkəmizin Fransadakı səfirliyinə, Diasporla İş üzrə Dövlət Komitəsinə və Azərbaycan Diasporuna Dəstək Fonduna təşəkkürünü bildirib.

https://azertag.az/xeber/Gunel_Seferova__Elmi_diasporumuz_Azerbaycan_heqiqetlerinin_Fransa_ictimaiyyetine_chatdirilmasinda_muhum_rol_oynayacaq-1367801

Arxiv üzrə axtarış