2020-09-23

Fransa portalında əfsanəvi azərbaycanlı partizan haqqında məqalə dərc olunub

Fransanın “Agoravox” portalında Fransa Müqavimət Hərəkatında iştirak etmiş əsgərlərə həsr edilmiş “İkinci Dünya müharibəsi: Azad Fransa arzulayan xarici qəhrəmanlar” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə əfsanəvi azərbaycanlı partizan və Fransa Müqavimət Hərəkatının fəal üzvlərindən olan Əhmədiyyə Cəbrayılov haqqında da məlumat verilib. Qeyd edilib ki, Fransanın sərhədlərindən uzaqlarda anadan olmuş Əhmədiyyə Cəbrayılovun 1944-cü ildə fransız partizanlarına qoşulub.

Bildirilib ki, Azərbaycanın Şəki şəhərindən olan Əhmədiyyə Cəbrayılov aviasiya məktəbini bitirdikdən sonra 1942-ci ildə Ukraynada döyüşləri zamanı əsir düşüb. Polşada əsirlik düşərgəsində bir müddət qalandan sonra Elzas regionundakı Struthof düşərgəsinə göndərilib.

1944-cü ildə Montoban hərbi xəstəxanasından qaçan Ə. Cəbrayılov Kabertat partizanlarına qoşulub və faşistlərə qarşı aparılan əməliyyatlarda “Ahmed Mişel”, “Xarko” ləqəbləri ilə iştirak edib.

Qeyd olunub ki, Ə.Cəbrayılov üçüncü Qusar Polkunun sıralarında Fransanın Tarn-və-Qaron departamentinin azadlığı uğrundakı döyüşlərdə vuruşub, həmçinin Voj (Vosges) və Elzas (Alsace) əməliyyatlarında iştirak edib.

Məqalədə Azərbaycanın İkinci Dünya müharibəsinə töhfələrindən bəhs edilib, müharibəyə yollanan 700 min azərbaycanlıdan 300 mininin qəhrəmancasına həlak olduğu vurğulanıb.

Sovet ordusunun müharibə dövründə istifadə etdiyi yanacağın 85 faizinin Bakı tərəfindən təmin olunduğu diqqətə çatdırılıb.

https://azertag.az/xeber/Fransa_portalinda_efsanevi_azerbaycanli_partizan_haqqinda_meqale_derc_olunub-1593047

Arxiv üzrə axtarış