2017-05-08

Bakı - Qafqazın yeni Dubayı (AzerTac)

Paris, 8 may, AZƏRTAC

Fransanın “Courrier de l”Atlas” jurnalında “Bakı-Qafqazın yeni Dubayı” adlı məqalə dərc olunub.

Məqalədə Azərbaycan paytaxtının dinamik həyat tərzindən, sərmayələr və turistləri cəlb etməsindən, infrastrukturunun inkişafından söz açılıb, Xəzər dənizi sahilində yerləşən Bakının son dərəcə müasir olmasından bəhs edilib. Həmçinin ölkəmizin zəngin karbohidrogen ehtiyatlarından, iqtisadi inkişafından danışılıb.

Avropa və Asiyanın qovuşuğunda yerləşən Azərbaycanın keçən əsrin sonlarından üzləşdiyi problemlər, Dağlıq Qarabağın işğalı qeyd olunub. Bildirilib ki, münaqişə ilə bağlı mövcud status-kvo saxlanıla bilməz.

Həmçinin, ölkəmizin turizm imkanları, bu sahənin inkişafı, turist vizasının sadələşdirilməsi diqqətə çatdırılıb.

Heydər Əliyev Mərkəzi, eləcə də digər tarixi mədəniyyət abidələri - Qız qalası, Şirvanşahlar sarayı haqqında müfəssəl məlumat verilib.

Məqalədə “Bakou Shopping festival”ı haqqında da söz açılıb.

Eyni zamanda, Bakının cənubunda Ələt dəniz limanının açılışından, ölkəmizin müntəzəm olaraq müxtəlif beynəlxalq tədbirlərə, eləcə də tezliklə Bakı Qran-Pri “Formula 1” yarışlarına, IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyindən bəhs olunub, Azərbaycandakı dünyəvilik və tolerantlıq diqqətə çatdırılıb, müxtəlif xalqların nümayəndələrinin dinc yanaşı yaşadığı vurğulanıb.

Arxiv üzrə axtarış