Florans Manjən: Tolerantlıq Azərbaycan xalqının səciyyəvi xüsusiyyətidir (AzərTac)
Bakı, 28 aprel, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin kontinental Avropa idarəsinin rəisi Florans Manjən və idarənin rəis müavini Nikola Dölakost ilə görüşüb.
DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Azərbaycan-Fransa münasibətlərinin yüksək səviyyədə olduğunu deyib, bu əlaqələrin bir çox sahələrdə dinamik şəkildə inkişaf etdiyini vurğulayıb.
Sədr müavini qeyd edib ki, Azərbaycan tolerant ölkədir və bu, ölkəmizin ictimai-siyasi həyatında özünü göstərir. Azərbaycanda müxtəlif dini, milli qruplara dillərini, mədəniyyətlərini və adət-ənənələrini qoruyub saxlamaq, inkişaf etdirmək üçün bütün şərait yaradılıb. Səyavuş Heydərov bildirib ki, tolerantlığın təşviqində və radikalizmə qarşı mübarizədə Fransanın və Azərbaycanın sekulyar modelləri mühüm rol oynayır.
Florans Manjən tolerantlığın Azərbaycan xalqının səciyyəvi xüsusiyyəti olduğunu, Azərbaycanda dövlət-din, konfessiyalararası münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini bildirib.