Gənc bəstəkar Etibar Əsədlinin ifası Paris cazsevərlərinin qəlbini oxşayıb (AzerTa.az)
Parisdə “Sunside Jazz” klubunda gənc bəstəkar və mahir pianoçu Etibar Əsədlinin konserti olub.
Etibar Əsədli Azərbaycan bəstəkarlarının və özünün bəstələdiyi kompozisiyaları Jonatan Qrand (bas-gitara) və Tilo Bertolo (zərb aləti) müşayiəti ilə ifa edib.
Gənc bəstəkar öz aranjemanında “Qara qaşın vəsməsi”, “Əlində sazın qurbanı”, “Lay-lay” Azərbaycan xalq mahnılarını, Üzeyir Hacıbəylinin motivlərini, Fikrət Əmirovun musiqisini, eləcə də özünün “İsimli”, “Gecikirəm”, “Naxış”, Rafiq Babayevə həsr etdiyi kompozisiyanı səsləndirib. Konsertdə həmçinin bəstəkarın atası Sahib Əsədlinin muğam janrında bəstələdiyi kompozisiyaları tamaşaçılar tərəfindən alqışlanıb.
Etibar Əsədli Azərbaycanda ilk dəfə bütün milli musiqi alətlərimizin səslərini virtual alətlər üzərinə yazıb proqramlaşdırıb. İlin sonunadək onun bu proqram paketi satışa çıxarılacaq. Onun bu səyi nəticəsində artıq canlı çıxışlarda, film musiqi və aranjemanlarda milli alətlərimizin səsindən istifadə etmək imkanı olacaq.
Bugünkü konsertində gənc pianoçu virtual alətdə balabanın səsini təqdim edib.
Etibar Əsədli Paris cazsevərlərinin qəlbini oxşayıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris