2017-05-22

Parisdə Şahin Növrəsli konsert proqramı ilə çıxış edib. (AzerTac.az)

Hazırda ömrünün 86 yaşında olan amerikalı caz pianoçu, bəstəkar və pedaqoq Əhməd Camal postbop caz musiqi janrının canlı əfsanələrindən biridir. Böyük Erroll Qarnerin təsiri ilə, o, bütün zamanların ən uğurlu musiqiçisi olmuş, “Bach” və “Art Tatum” sayəsində zəngin fiqurativ üslub yaratmışdır. O, caz mərkəzi olan Parisdə xüsusi populyarlıq qazanmış və “L’Olympia” və “Salle Pleyel” də daxil olmaqla Parisin bütün əsas konsert zallarında konsert proqramı ilə çıxış etmişdir.

Ə.Camal hər zaman bütün üslublarda ifa edən pianoçulara açıq olub. Belə ki, “Festival Jazz à St-Germain-des-Prés Paris” caz festivalının təşkilatçıları Əhməd Camala ifa üçün bir pianoçunu seçmək imkanını yaradıblar. Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisinin dəstəyi ilə Parisdə keçirilən konsertdə bu şərəfə azərbaycanlı caz musiqiçisi Şahin Növrəsli layiq görülüb. Bu, əvvəllər digər üç ekstraordinar azərbaycanlı caz pianoçusuna – İsfar Sarabski, Emil Əfrasiyab və Elçin Şirinova sponsorluq etmiş təşkilat tərəfindən əsası qoyulmuş ənənənin davamıdır.

TEAS-dan AZƏRTAC-a bildirilib ki, uzun müddət Əhməd Camalla işləmiş bas gitaraçı Ceyms Kammak, əvvəllər Di Di Bridcvoter, Stefan Qrapelli və Çik Kori ilə birgə ifa etmiş yetmiş yaşlı fransız zərb ifaçısı Andre Sekarelli, ifası ilə auditoriyanı heyrətləndirən və qeyri adi aura təsiri yaradan gürcü zərb ifaçısı İrakli Koiava ilə birlikdə Okeanoqrafiya İnstitutunun “La Maison des Océans” konsert zalında çıxış edən Şahin Növrəsli “Emanation” adlı ikinci albomunu təqdim edib.

“Bayatı” adlı birinci albomundan sonra Şahinin ərsəyə gəlmiş ikinci albomu Əhməd Camalın həmprodüsserliyi ilə Parisdə yazılıb. Albomda yer alan bəzi parçalarda skripkaçı Didye Lokvudun ritm bölmələri təqdim olunur.

Konsert zamanı Şahin, öz kompozisiyaları və Azərbaycan musiqisinin variasiyalarından ibarət geniş spektrli əsərlər ifa edib. Açılış üçün ifa etdiyi birinci parça “Stella By Starlight” olub. Bu əsər yetmiş ildən artıqdır ki, bir çox caz musiqiçilərini ilhamlandırır. Piano stulunda əyləşərək böyük həvəslə ifa edən Şahin çox vaxt sanki notları ürəyinin dərinliklərindən çıxarırdı. Konsert zamanı dörd musiqiçi arasında gedən ötürmələr çox aydın idi. Onun hipnotik variasiyaları davam etdikcə improvizasiyaları daha da qəlizləşirdi və bir növ Telonius Monka bənzər, lakin tamamilə özünəməxsus qaydada ahəngdar dərinlik yaradırdı.

Şahin “How About You ?” (Bəs sən?) adlı əsər üzərində xoşahəngli, lakin başgicəlləndirən variasiyaları ilə auditoriyanı ovcunda saxlayırdı. Onları fit çalan və ayaqlarını yerə vuran kütləyə çevirirdi. Onlar dərk edirdi ki, gözlərinin önündə olan sənətkar gücünün ən yüksək nöqtəsindədir. Bundan sonra Azərbaycan musiqi parçası ifa edildi və bu, həyəcanı pik nöqtəsinə çatdırdı. Burada iki zərb ifaçısı, bas gitara ifaçısı və Şahin qeyri-adi simbiotik əlaqə yaratdılar.

“Le Figaro” nəşrinin caz mütəxəssisi Kristof Dore konsert haqda təəssüratlarını belə bölüşür: “Çox az musiqiçi tapılar ki, bizlərə öz musiqi bacarığı, janrı və üslubu ilə yenilik gətirir, not çaylarını öz barmaqları ilə axına çevirir. Azərbaycanlı pianoçu Şahin Növrəsli əsası klassik musiqidə qoyulmuş öz nəslinin ən böyük caz musiqiçilərindən biridir. Onun sonuncu “Emanation” albomu Şərqdən ilhamlanan, həm şən, həm də, virtuoz ifa xəzinəsidir və klassik musiqi ilə caz musiqisini birləşdirərək xüsusilə uğurlu vəhdət yaradır”.

“Festival Jazz à St-Germain-des-Prés Paris” caz festivalında Azərbaycan Respublikası baş nazirinin müavini Elçin Əfəndiyev, Fransadakı səfirimiz Elçin Əmirbəyov və Azərbaycanın Xorvatiyadakı səfiri Kamil Xasıyev iştirak ediblər.

Arxiv üzrə axtarış