UNESCO-da iftar mərasimi təşkil edilib (AzerTac)
Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyi ölkəmizin UNESCO-nun baş direktoru vəzifəsinə namizədi Polad Bülbüloğlunun iştirakı ilə iftar mərasimi təşkil edib.
UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri səfir Anar Kərimov mərasimdə çıxış edərək müqəddəs Ramazan ayının məziyyətlərindən danışıb, onun sülh, tolerantlıq, həmrəylik ayı olduğunu diqqətə çatdırıb.
Səfir Azərbaycandakı multikultural mühitdən danışaraq bildirib ki, ölkəmizdə müxtəlif xalqların nümayəndələri daim sülh, qardaşlıq şəraitində yaşayıblar. Avropa ilə Asiyanın qovuşuğunda, qədim İpək yolu üzərində yerləşən Azərbaycan həmişə müxtəlif xalqların, dinlərin nümayəndələrini bir araya gətirən məkan olub.
A.Kərimov Azərbaycanda bütün ibadət yerlərinin - məscidlərin, kilsələrin, sinaqoqların qorunub saxlandığını, müxtəlif dinlərin nümayəndələrinin dini bayramları birlikdə qeyd etdiklərini, bunun ölkədə qarşılıqlı hörmət və həmrəylik mühiti yaratdığını vurğulayıb. O, ölkəmizin sülh və dialoqun təşviqi sahəsində göstərdiyi səylərin milli səviyyədə məhdudlaşmadığını, beynəlxalq səviyyədə də aparıldığını qeyd edib.
Səfir Azərbaycan Prezidentinin 2008-ci ildə irəli sürdüyü “Bakı prosesi” haqqında da danışıb.
O, həmçinin Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dünyanın bir çox ölkələrində dini və tarixi abidələrin restavrasiyası sahəsində həyata keçirdiyi layihələrdən söhbət açıb.
Ölkəmizin UNESCO-nun baş direktoru vəzifəsinə namizədi Polad Bülbüloğlu bildirib ki, Ramazan ayı dialoq və həmrəylik ayıdır, iftar süfrəsi isə Ramazan ayının mühüm dəyərlərindəndir. O, bütün dinlərin tolerantlığa və dialoqa xidmət etdiyini, Azərbaycanın müxtəlif dinlərin, etnik qrupların və mədəniyyətlərin nümayəndələrinin mehriban, bir ailə kimi yaşadığı ölkə olduğunu diqqətə çatdırıb.
P. Bülbüloğlu ölkəmizdə multikulturalizmin tarixi ənənə və dövlət siyasətinin ayrılmaz tərkib hissəsi olduğunu qeyd edib.
Səfir vurğulayıb ki, Şərq və Qərb arasında körpü rolunu oynayan Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkandır. Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoq sahəsindəki zəngin təcrübəsini müxtəlif təşəbbüsləri ilə beynəlxalq ictimaiyyətlə bölüşür.
Bu gün dünyamızın hərbi münaqişələr, ekstremizm, terrorizm və separatizm ilə, sülh və tərəqqiyə nail olmaq üçün böyük problemlərlə üzləşdiyi bir zamanda dialoq və yüksək səviyyəli təhsil vacib şərtdir. Təhsil, elm, mədəniyyətlərarası dialoq və mədəni irsin qorunması sahəsində UNESCO-nun əvəzolunmaz rolu var. UNESCO sülh və tərəqqini təşviq etmək üçün bütün vasitələrə və zəngin təcrübəyə yiyələnib. Bu nəcib təşkilata dəstək vermək lazımdır.
P.Bülbüloğlu UNESCO-nun baş direktoru vəzifəsinə seçiləcəyi təqdirdə idarəçilik və diplomatiya sahəsindəki zəngin təcrübəsi ilə təşkilatın qarşısında duran məqsədlərə çatmaq üçün səylərini əsirgəməyəcəyini bildirib.
İmam-xətib Ceyhun Rüstəmov Ramazan ayının bütün xeyir əməllərin qat-qat savabla mükafatlandırıldığı ilahi lütf ayı olduğunu qeyd edib. O, bu gün müstəqil Azərbaycanda bütün dinlərin nümayəndələrinin dini etiqadlarını sərbəst icra etdiklərini diqqətə çatdırıb. Qeyd edib ki, dövlətimiz dini bayramların azad keçirilməsinə qarant olur, multikultural və tolerant dəyərlərə, eyni zamanda, bəşəri dəyərlərə böyük önəm verir. O, bütün dinlərin insanları qardaşlığa, birliyə çağırdığını vurğulayıb.
Lyon Böyük Məscidinin rəhbəri Kamel Kabtan Azərbaycanda dini tolerantlığa həsr edilmiş konfransda iştirakından, bütün dinlərin nümayəndələrinin bu tədbirdə bir araya gəlmələrindən danışıb. O, Azərbaycanın həqiqətən də tolerant ölkə kimi yüksək qiymətləndirilməyə layiq ölkə olduğunu bildirib.
Sonra Fransa Elmi Tədqiqatlar Milli Mərkəzinin tədqiqatçısı Karim İfrak, Müqəddəs Taxt-Tacın UNESCO yanında daimi müşahidəçisi Françesko Follo, rabbin Qabriyel Haqay çıxış edərək Ramazan ayının məziyyətlərindən danışıblar.
Keşiş Jozef Stefanos AZƏRTAC-a müsahibəsində qeyd edib ki, iftar süfrəsi insanlar arasında dostluğu, birliyi əks etdirir. O, bütün Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib.
Françesko Follo Azərbaycan haqqında çox eşitdiyini, ölkəmizə səfər etmək arzusunda olduğunu bildirib. O, Azərbaycan daimi nümayəndəliyinin UNESCO-da həmişə mədəni tədbirlər keçirdiyini, bu axşam təşkil olunmuş iftar mərasiminin ölkəmizin sülh mədəniyyətini, dinlərarası və mədəniyyətlərarası dialoqa verdiyi önəmi əks etdirdiyini vurğulayıb. Əlavə edib ki, belə tədbirlər insanlar arasında mehriban əlaqələr yaratmağa xidmət edir.
Qabriel Haqay deyib: “Bu iftar mərasimində iştirak etmək mənim üçün şərəfdir. Biz bir-birimizi yaxından tanımalıyıq. Bir-birimizi tanıyandan sonra qarşılıqlı hörmət də yaranır. Qarşılıqlı hörmət isə dostluq yaradır. Düşünürəm ki, bəşəriyyəti məhz dostluq xilas edəcək”.
Ölkəmizə səfəri zamanı şahidi olduğu dinlərarası və mədəniyyətlərarası dialoqdan söz açan Lyon Böyük Məscidinin rəhbəri Kamel Kabtan bildirib ki, Azərbaycan sülh, qardaşlıq və dostluq ölkəsidir. Azərbaycan bu gün tarixi ənənələri ilə beynəlxalq ictimaiyyətə böyük töhfə verir. Bu axşamkı iftar süfrəsində söylənilən fikirlər bir daha göstərdi ki, Azərbaycan dünyada insanların bir-birilərinə yaxınlaşmasına böyük töhfə verir.
“Ramazan ayında edilən arzular tez həyata keçir. Mən Azərbaycan xalqına xoşbəxtlik, tərəqqi, ölkənizin ərazi bütövlüyünün tezliklə bərpa olunmasını arzulayıram”, - deyə Qabriel Haqay qeyd edib.
http://azertag.az/xeber/UNESCO_da_iftar_merasimi_teskil_edilib-1071889#.WUjgCiiKwX8.twitter