2017-06-24

Fransanın Beynəlxalq Münasibətlər və Strateğiyalar İnstitutunun alimi: "Ermənistan Azərbaycan torpaqlarını işğal edib" (Report.az)

Paris. 24 iyun. REPORT.AZ/ Fransanın Beynəlxalq Münasibətlər və Strategiyalar İnstitutunun (İRİS) internet portalında institutun tədqiqatçı alimi Samuel Karkanaqın "Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi yenidən qızışa bilərmi?" başlığı altında məqaləsi dərc edilib.

Məqalədə ilk öncə münaqişənin tarixinə toxunan S. Karkanaq bildirib ki, Dağlıq Qarabağ Ermənistanın dəstəyi ilə özünün müstəqilliyini elan edib. Bu da Azərbaycan ilə Ermənistan arasında münaqişənin başlanması ilə nəticələnib.

"Münaqişə nəticəsində Ermənistan Azərbaycan torpaqlarının 15-20 faizini işğal edib. Lakin işğal olunan torpaqlar yalnız Dağlıq Qarabağdan ibarət deyil. İşğal olunmuş torpaqlarda Azərbaycanın qərb, cənub və hətta şərq əraziləri də var. Münaqişə nəticəsində 1 milyon insan qaçqın düşüb ki, onların böyük əksəriyyəti azərbaycanlılardır" - deyə o bildirib.

Samuel Karkanaq həmçinin qeyd edib ki, Ermənistanın təcavüzlərinə daha tab gətirə bilməyən Azərbaycan 2016-cı ilin aprel ayında 1993-cü ildən işğal altında olan ərazilərinin 2000 hektarını qaytarmağa nail olub. "2016-cı ilin aprel ayında 4 gün davam edən müharibədə Ermənistan silahlı qüvvələrinin nümayiş etdirdiyi yararsız müqavimətin səbəbi bu ölkədə baş alıb gedən rüşvətxorluq, onun nəticəsində xalqda yaranmış ikrah və qəzəb hisslərinin baş alması və bunun sonu olaraq Yerevanın danışıqlar aparmaq imkanlarını məhdudlaşdırmasıdır".

ATƏT-in Minsk qrupunun münaqişənin həlli yollarını tapa bilməməsinin səbəblərinə toxunan alim qrupun həmsədrləri olan üç ölkə - Fransa, ABŞ və Rusiya arasında münasibətlərin 2010- cu ildən etibarən qənaətbəxş olmamasını əsas faktor kimi göstərir və yeni seçilmiş Fransa prezidentinin beynəlxalq aləmdə qazandığı yüksək imicindən istifadə edərək münaqişənin həlli naminə yeni danışıqlara start verəcəyinə ümid etdiyini vurğulayır.

Qeyd edək ki, məqalənin müəllifi təhlükəsizlik məsələləri və keçmiş Sovet İttifaqı ərazisi üzrə mütəxəssis, tədqiqatçı Samüel Karkanaq 2014-cü ilə qədər Fransanın Xarici İşlər Nazirliyinin Avropa Məsələləri üzrə Departamentində çalışıb.

 

https://report.az/dagliq-qarabag/fransanin-beynelxalq-munasibetler-ve-strategiyalar-i-nstitutunun-alimi-ermenistan-azerbaycan-torpaq/

Arxiv üzrə axtarış