2017-07-03

Fransada azərbaycanlı alimin Azərbaycan-İsrail münasibətlərinə dair məqaləsi nəşr edilib (AzerTac.az)

Fransada nəşr olunan, dünyanın 30-dan çox ölkəsində yayımlanan və 40 min tirajla buraxılan məşhur “Diplomatiyanın böyük məsələləri” jurnalında Bakı Dövlət Universitetinin müəllimi Fazil Zeynalovun “İsrail-Azərbaycan münasibətlərinin iqtisadi və strateji maraqları” adlı məqaləsi dərc olunub.

Məqalədə Azərbaycanın müstəqilliyini bərpa etdikdən və ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanın yeni çoxvektorlu xarici siyasət kursu yeritdiyi və bu siyasi kursa uyğun olaraq iki ölkə arasında əməkdaşlığın iqtisadiyyat, texnologiya, kənd təsərrüfatı, enerji sahələrində daha da möhkəmləndiyi vurğulanıb.

Qədim əlaqələrin dövlətlərarası münasibətlərə töhfəsi

Məqalədə iki ölkə arasında əlaqələrin böyük tarixi olduğu, Azərbaycanda yəhudi icmasının 2600 ildən çox dövrü əhatə etdiyi, əhalisinin əksəriyyətinin müsəlman olan Azərbaycanda dini tolerantlığın bir ənənə olduğu diqqətə çatdırılıb. Bildirilib ki, Bakının mərkəzində dövlət hesabına sinaqoq tikilib, uşaqların ivrit dilini öyrənməsi üçün məktəblər fəaliyyət göstərir.

Qeyd olunub ki, yəhudi gəncləri Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparıb. Gənc əsgər Albert Aqarunov erməni təcavüzünə qarşı Vətənin müdafiəsinə qoşulub və öz həyatını qurban verib.

İsrailin Baş naziri Benyamin Netanyahu Bakıya son səfərində ölkəmizdəki tolerantlığı, multikulturalizmi və dini harmoniyanı alqışlayıb. Azərbaycanın antisemitizm əlamətləri olmayan yeganə ölkə olduğu bildirilib.

Karbohidrogen ehtiyatları və təhlükəsizlik: strateji məqsədlər

Yazıda qədim neft istehsalçısı olan və bu gün 30-dan çox ölkəyə neft ixrac edən Azərbaycanın İsrail üçün yeni təchizat mənbəyi olduğu vurğulanıb. Dünyada ölkəmizin enerji sahəsində əvəzolunmaz xüsusiyyətindən, Bakının zəngin qaz ehtiyatlarından söz açılıb.

Prezident İlham Əliyevin Azərbaycan təbii qazının dünya bazarlarına çıxarılması məqsədilə “Cənub Qaz Dəhlizi” adlandırılan və enerji resursları mənbələrini, eləcə də tədarük marşrutlarını şaxələndirmək məqsədilə TANAP və TAP kəmərlərinin tikintisinə şəxsən dəstək verdiyi diqqətə çatdırılıb. Bu yeni qaz kəmərinin təkcə Azərbaycan təbii qazını deyil, eyni zamanda, digər mənbələrdən gələn təbii qazın dünya bazarlarına çıxarılması imkanına malik olduğu vurğulanıb. Aralıq dənizində təbii qaz ehtiyatları kəşf edən İsrailin bu qaz kəmərinin tikintisində maraqlı olduğu bildirilib.

Məqalədə iki ölkə arasında təhlükəsizlik və müdafiə sahələrində olan sıx əlaqələrə də toxunulub. Azərbaycanın sülhün tərəfdarı olmasına baxmayaraq, ölkəmizin erməni təcavüzünə məruz qalması, Azərbaycanın tarixi Dağlıq Qarabağ regionunun və onun ətrafındakı 7 inzibati rayonun Ermənistan silahlı qüvvələrinin işğalı altında olması və bunun nəticəsində bir milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrilməsi qeyd olunub. Azərbaycanın öz müdafiə sənayesini inkişaf etdirməklə müdafiə potensialını möhkəmləndirdiyi, eyni zamanda, İsraildən silah və hərbi sursat aldığı bildirilib.

Yazıda Azərbaycanın regionu əməkdaşlıq zonasına çevirmək niyyətindən də danışılıb.

Milli təhlükəsizliklə bağlı qanunun xarici hərbi bazanın ərazilərimizdə yerləşdirilməsini qadağan etdiyi, qonşu ölkənin milli təhlükəsizliyimizə təhdidi diqqətə çatdırılıb.

Bildirilib ki, regionda mövcud olan xarici hərbi bazalar qarşılıqlı etimada kölgə salır və regional stabilliyə zərər verə bilər.

“Qafqaz bütün hərbi bazalardan azad olmalıdır” , - deyə Prezident İlham Əliyevin fikri xüsusi vurğulanıb.

İsraillə əlaqələrin Azərbaycanın İran və Fələstin ilə olan əlaqələrinə xələl gətirmədiyi, əksinə Azərbaycanın bu ölkələr arasında barışıq və etimadın yaradılmasına töhfə verə biləcəyi qeyd olunub.

Arxiv üzrə axtarış