2017-07-05

Andre Rişar: Ermənistan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini yerinə yetirməyə məcbur edilməlidir ( AzerTac.az)

Paris, 5 iyul, AZƏRTAC

İyulun 4-də Füzuli rayonunda törədilmiş hadisəni eşitdim və çox kədərləndim. Həlak olan insanların ruhu qarşısında baş əyirəm, ailələrinə səbir diləyirəm. Günahsız körpənin münaqişənin qurbanı olması yolverilməzdir. Bu cür qanlı hadisələrin baş verməsinin əsas səbəbi münaqişədə status-kvonun hələ də davam etməsidir.

AZƏRTAC xəbər verir ki, bu fikri fransalı senator, Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Rişar Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması ilə bağlı məsələyə münasibət bildirərkən söyləyib.

Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmamasından təəssüfləndiyini bildirən senator qeyd edib ki, bəzən bunu dondurulmuş münaqişə adlandırırlar. Amma Füzulidə baş verən qanlı hadisə bir daha göstərdi ki, bu, heç də belə deyil.

Ümid edirik ki, ATƏT-in Minsk qrupu, xüsusilə Fransa münaqişənin sülh yolu ilə həllində qətiyyətli addımlar atacaq. Fransanın yeni prezidenti Emanuel Makrondan bu sahədə gözləntilərimiz böyükdür. Bütün dünya birliyi, o cümlədən Fransa yaxşı bilir ki, bu torpaqlar tarixi Azərbaycan torpaqlarıdır və qeyri-qanuni olaraq işğal altında saxlanılır. Ermənilər Dağlıq Qarabağa qanunsuz iddialar irəli sürür. Dünənki qanlı hadisə isə ümumiyyətlə, Qarabağda deyil, yaxınlıqdakı Füzuli rayonunda baş verib. Bu hadisə Ermənistanın təcavüzkar siyasətini bir daha göstərdi.

Münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, Avropa Şurasının, digər beynəlxalq təşkilatların qətnamələri qəbul olunub. Bütün qətnamələr erməni silahlı qüvvələrinin qeyd-şərtsiz və dərhal Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edir. Ermənistan BMT-nin müvafiq qətnamələrini yerinə yetirməyə məcbur edilməlidir. Azərbaycanın ərazi bütövlüyü beynəlxalq hüquq çərçivəsində bərpa olunmalıdır.

http://azertag.az/xeber/Andre_Risar_Ermenistan_BMT_Tehlukesizlik_Surasinin_muvafiq_qetnamelerini_yerine_yetirmeye_mecbur_edilmelidir-1075788

Arxiv üzrə axtarış