2017-07-05

Fransada Azərbaycanın Dostları Assosiasiyası Ermənistanın son təxribatını pisləyib (AzerTac.az)

Bakı, 5 iyul, AZƏRTAC

Fransada Azərbaycanın Dostları Assosiasiyası iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə atəşə tutması nəticəsində Quliyeva Sahibənin və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranın həyatını itirməsi və Quliyeva Sərvinazın yaralanması, həmçinin mülki obyektlərə zərər dəyməsi ilə nəticələnən son hərbi təxribatını qətiyyətlə qınayır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Fransada Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan Fransua Manselin Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı ilə bağlı verdiyi bəyanatda yer alıb.

Bəyanatda deyilir: “Azərbaycanın Dostları Assosiasiyası Azərbaycan ərazilərinin Ermənistan tərəfindən qeyri-qanuni işğalı səbəbindən baş vermiş bu təxribat nəticəsində mülki şəxslərin həlak olması ilə əlaqədar kədərini ifadə edir və həlak olanların ailələrinə başsağlığı verir, həmçinin Azərbaycan xalqına öz dəstəyini bildirir.

Ermənistanın mülki əhaliyə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, eləcə də 1949-cu il Cenevrə konvensiyaları, həmçinin uşaqların hüquqlarına və insan hüquqlarının müdafiəsi dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Münaqişənin həlli ilə məşğul olan Minsk qrupunda təmsil olunan ölkələr tərəfindən məsələnin həllinin ləngidilməsi uzun illərdir ki, ədalətsiz status-kvonu qoruyub saxlayır və bu, yalnız faciəvi qarşıdurmalara gətirib çıxarır. Azərbaycanın Dostları Assosiasiyası arzu edir ki, əlaqədar dövlətlər ən qısa müddətdə öz münasibətlərini bildirsinlər və BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən dörd qətnamənin (822, 854, 874 və 884) yerinə yetirilməsini təmin etsinlər.

Sonda Assosiasiya bütün tarixi həqiqətlərin əksinə olaraq özü başlatdığı münaqişədə özünü qurbanı kimi qələmə verməyə cəhd edən Ermənistanı Dağlıq Qarabağ və ətraf rayonların qeyri-qanuni işğalının davam etdirilməsinin mümkünsüzlüyünü anlamağa çağırır.

http://azertag.az/xeber/1075705

Arxiv üzrə axtarış