Azərbaycanın Dostları Assosiasiyası Fransanın milli bayramını qeyd edib (AzerTac.az)
Parisdə fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyası (ADA) Fransa Respublikasının Milli Bayramı münasibətilə Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində klassik musiqi gecəsi təşkil edib.
Azərbaycanın Dostları Assosiasiyasından AZƏRTAC-a bildiriblər ki, gecəni assosiasiyanın baş katibi Mirvari Fətəliyeva açaraq qonaqları salamlayıb, assosiasiyanın ənənəvi olaraq təşkil etdiyi tədbir barəsində və ifaçılar haqqında məlumat verib.
Səfirliyin siyasi məsələlər üzrə müşaviri və müvəqqəti işlər vəkili Nigar Hüseynova çıxışında Fransa üçün böyük ǝhǝmiyyǝt kǝsb edǝn azadlıq, bǝrabǝrlik vǝ qardaşlıq kimi mənəvi dǝyǝrlǝrin Azǝrbaycan xalqına da xas olunduğunu vurğulayıb. O, Fransanın Azǝrbaycanın müstǝqilliyini tanıyan ilk ölkǝlǝrdǝn biri olduğunu vǝ 1991-ci ildǝ Azǝrbaycanın öz müstǝqilliyini bǝrpa etdikdǝn sonra Fransa ilǝ intensiv ǝlaqǝlǝrin inkişaf etdiyini bildirib. O, bu il ölkǝlǝrimiz arasında diplomatik ǝlaqǝlǝrin qurulmasının 25 illiyinin qeyd olunduğunu vurğulayıb.
Xalqlarımızın yaxınlaşmasında Azərbaycanın Dostları Assosiasiyasının oynadığı mühüm roldan danışan Nigar Hüseynova 1998-ci ildǝ Fransanın Azǝrbaycandakı keçmiş vǝ ilk sǝfiri Jan Peren tǝrǝfindǝn yaradılmış vǝ 4 il ǝvvǝl Jan Fransua Mansel tǝrǝfindǝn yenidǝn canlandırılmış bu assosiasiyanın Azǝrbaycan-Fransa dostluğunun carçısına çevrildiyini söylǝyib. Bir il ǝvvǝl Nitsa şǝhǝrindǝ baş vermiş dǝhşǝtli terror aktının ildönümünün qeyd edildiyini deyən müvəqqəti işlər vəkili Azǝrbaycanın hǝmişǝ Fransa xalqına bu cür çǝtin sınaqlar zamanı dǝstǝk olduğunu bildirib.
Sonra Fransada Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Mansel çıxış edərək Azərbaycan haqqında və ölkəmizin Fransa ilə siyasi mədəni iqtisadi münasibətləri barədə məlumat verib. O, assosiasiyanın fəaliyyətindən və gələcək layihələrindən bəhs edib. Jan-Fransua Mansel ölkəmizdə təşkil olunan beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirilməsindən söz açıb. İyulun 4-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində balaca Zəhranın həlak olması ilə bağlı Fransa Prezidentinə müraciət etdiklərini, onu sülhün bərqərar olması istiqamətində səylərini səfərbər etməyə çağırdıqlarını xatırladıb.
J.Mansel qarşıdan gələn 2018-ci ilin Azərbaycan üçün çox əlamətdar olacağını, müsəlman Şərqində ilk demokratik dövlətin - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının və qadınlara səs hüququnun verilməsinin 100 illiyinin bir sıra silsilə tədbirlərlə qeyd ediləcəyini iştirakçıların diqqətinə çatdırıb.
Sonra Azərbaycan Milli Opera və Balet Teatrının klassik musiqi ifaçısı, Xalq Artisti Fidan Hacıyevanın və istedadlı pianoçu Zülfiyyə Sadıqovanın iştirakı ilə konsert proqramı təqdim olunub. Konsert proqramına məşhur Azərbaycan və Avropa bəstəkarlarının klassik musiqisindən ibarət seçmə nümunələr daxil edilib.
Gecədə Azərbaycanın Dostları Təşkilatının fəxri üzvləri, Fransa Senatının nümayəndələri siyasi və ictimai simalar, həmçinin mədəniyyət xadimləri iştirak ediblər.
Sonda Eyfel qülləsinin yanında yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin binasından Fransanın Milli Bayramı – 14 iyul münasibətilə təşkil edilən bayram atəşfəşanlıq olub.