2017-07-10

Musiqili Teatrın pianoçusu beynəlxalq müsabiqədə ikinci olub (AzerTac.az)

Azərbaycan Dövlət Musiqili Teatrının əməkdaşı Firuzə Nəcəfli Parisdə keçirilən “İnternational Folklore Competition” müsabiqəsində 2-ci yerə layiq görülüb.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, F.Nəcəfli müsabiqədə Robert Şumanın 8 nömrəli “Noveletta” f-mol əsərini ifa edib.

Bakıda anadan olan Firuzə Nəcəfli 2006-cı ildə Rafiq Babayev adına uşaq musiqi məktəbini fərqlənmə ilə bitirib. Həmin il Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən məktəb-studiyaya qəbul olunub və 2009-cu ildə oranı əla qiymətlərlə başa vurub. 2013-cü ildə Bakı Musiqi Akademiyasının “Fortepiano” fakültəsini, 2015-ci ildə isə həmin fakültənin magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. Bir sıra konsertlərdə, tədbirlərdə, müsabiqələrdə, festivallarda, konfranslarda uğurla iştirak edib. Ferens List adına beynəlxalq festivalda diploma layiq görülüb.

 

 

http://azertag.az/xeber/1077007

Arxiv üzrə axtarış