Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşı Parisdə Cənubi Qafqazın sosial iş təhsili ilə bağlı çıxış edib (AzerTac.az)
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) kulturologiya kafedrasının müdiri, dosent Sədaqət Əliyeva Parisdə “Avropada sosial iş təhsili: çətinliklər və maneələr” mövzusunda keçirilən konfransda iştirak edib.
ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə S.Əliyeva “Cənubi Qafqazda sosial iş” mövzusunda təqdimatla çıxış edib.
UNESCO-un dəstəyi ilə Avropa Sosial İş Məktəbləri Assosiasiyasının, Fransada Sosial İş Təhsili və Tədqiqatı üzrə Milli Birliyin birgə təşkilatçılığı ilə keçirilən konfransda Avropanın bir sıra ölkələri, Kanada, Filippin, ABŞ və Avstraliyadan 300-ə yaxın nümayəndə iştirak edib. Ümumiyyətlə, tədbirdə 40-dan çox ölkədən 100-dək sosial iş məktəbi, beynəlxalq təşkilatlar və yerli sosial işçilər birlikləri təmsil olunub. Konfransın əsas məqsədi Avropada sosial iş tədrisi mütəxəssisləri, praktiki sosial işçilər, tələbələr arasında dialoq və sosial iş tədrisinin inkişafı istiqamətində əməkdaşlıq qurmaq olub.
Tədbirin plenar iclasında məşhur sosial iş mütəxəssisləri, Böyük Britaniyanın Essex Universitetinin, Durham Universitetinin, İsveçin Qotenburq Universitetinin professorları nəzəri və elmi biliklərini paylaşıblar.
Konfransda, həmçinin müxtəlif ölkələri təmsil edən sosial işçilər və sosial iş tədrisi mütəxəssisləri “Sosial iş tədrisində perspektivlər, innovasiyalar və metodologiya”, “Sosial iş tədrisində kurikulum və kurs məzmunun yaradılması və inkişaf etdirilməsi”, “Etik məsələlər: etikanı öyrətmək və etik müəllim olmaq” və “Sosial iş peşəsinin və sosial iş təhsilinin struktur və təşkilati vəziyyəti, professional statusu” mövzuları ətrafında təcrübələrini bölüşüblər.