2017-07-08

Avropa Parlamentinin üzvləri Ermənistandan zorakılığı dayandırmağı tələb ediblər (AzerTac.az)

Avropa Parlamentinin üç üzvü - fransalı Rəşidə Dati, sloveniyalı İvo Vayql və latviyalı İveta Qriqule Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində Ermənistan silahlı qüvvələrinin törətdiyi qanlı hadisə ilə bağlı mətbuata açıqlama veriblər. Onlar Ermənistandan zorakılığı dayandırmağı və mülki şəxsləri hədəfə almamağı tələb ediblər.

AZƏRTAC Avropa Parlamentinin üzvlərinin mətbuata açıqlamasının mətnini təqdim edir.

“Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində iki mülki şəxs həlak olub. Biz qurbanların ailə üzvlərinə dərin hüznlə başsağlığı verir və bütün Azərbaycan xalqına dəstəyimizi bəyan edirik.

Günahsız insanların ölümü, qeyri-insani akt dayandırılmalıdır. Münaqişənin həllində beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmalıdır. Zorakılıq heç vaxt həll yolu ola bilməz.

ATƏT-in Minsk qrupu tərəflərdən hərbi aktları dayandırmağı tələb edir. Biz isə ATƏT-dən mülki əhalinin müdafiəsi, eləcə də Azərbaycanın ərazi bütövlüyünə riayət edilməsi istiqamətində daha konkret öhdəlik götürməsini tələb edirik.

Biz - avropalı siyasi rəhbərlər Ermənistandan əsassız və qeyri-qanuni siyasi tələblər üçün mülki əhalini hədəfə almağı tez bir zamanda dayandırmağı tələb edirik.

 

 

http://azertag.az/xeber/1075827

Arxiv üzrə axtarış