2017-07-17

Evian-İsmayıllı dostluğu Fransa mətbuatında (AzerTac.az)

Fransanın “Le Dauphine Libere” (http://www.ledauphine.com) portalında, eləcə də Evian-Le–Bən şəhərinin saytında “Evian və İsmayıllı dostluğu daha da möhkəmlənir” və “İsmayıllı bağı açılıb” sərlövhəli məqalələr dərc edilib.

Məqalələrdə 2015-ci ildə iki şəhər arasında imzalanan dostluq və əməkdaşlıq xartiyası çərçivəsində Evianda “Azərbaycan parkı”nın, “Dostluq bulağı”nın açılışından, eləcə də Xurşidbanu Natəvanın büstünün Evianın mərkəzində, məşhur Leman gölü sahilində ucaldılmasından danışılır. Həmçinin Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın bir neçə şərq dilini bilməsindən, fransız yazıçısı Aleksandr Düma ilə görüşündən söz açılır. X.Natəvanın doğma şəhəri Şuşaya İsa bulağından su xətti çəkdirməsi, ədəbi məclis yaratması diqqətə çatdırılır.

Evianın mərkəzində açılan parkın, bulağın və büstün iki şəhər arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyi bildirilir. Qeyd olunur ki, Xurşidbanu Natəvanın büstü Eviandan başqa, Bakıda, doğma şəhəri Şuşada və Belçikanın Vaterlo şəhərində ucaldılıb.

 

http://azertag.az/xeber/1076201

Arxiv üzrə axtarış