Fransa mətbuatı dünya ictimaiyyətini Ermənistanı cəzalandırmağa çağırır (AzerTac.az)
Fransanın “İslamnews”, “l'express”, “Mediapart” portalları, eləcə də “Le Monde” qəzeti iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində erməni hərbiçilərin törətdiyi qanlı hadisədən yazır.
Məqalələrdə 2 yaşlı Zəhranın və onun nənəsinin Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qurbanı olduğu diqqətə çatdırılır. Azərbaycan Xarici İşlər Nazirliyinin Füzuli rayonunun Alxanlı kəndində erməni hərbi qüvvələrinin törətdiyi qanlı hadisə ilə bağlı verdiyi məlumatdan söz açılır.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixindən, torpaqlarımızın işğalından, münaqişə nəticədə bir milyondan çox azərbaycanlının öz doğma yurdundan didərgin salınmasından ətraflı bəhs olunur.
Ermənistanın kiçik Zəhranın və nənəsinin ölümündə birbaşa məsuliyyət daşıdığı qeyd olunur.
Yazılarda Ermənistanın təcavüzkar siyasəti, erməni hərbiçilər tərəfindən azərbaycanlı əsirlərə verilən işgəncələr barədə məlumat verilir. Həmçinin Ermənistanın Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağda həyata keçirdiyi etnik təmizləmə siyasətindən, Azərbaycan maddi-mədəniyyət abidələrinin dağıdılmasından danışılır.
Bildirilir ki, illərdir beynəlxalq ictimaiyyətin biganə qaldığı bu münaqişənin həllində Fransa da önəmli rol oynamalıdır. ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa təzyiq göstərməlidir ki, beynəlxalq hüquqa riayət edilsin və Ermənistan regionda apardığı etnik təmizləmə siyasətinə görə cəzalandırılsın.