2017-07-27

Yazıçı Jerar Kardon: Körpələrin, qocaların qətlə yetirilməsi insanlığa yaraşmayan hərəkətdir (AzerTac.az)

“Kür - Xəzər” xeyriyyə ictimai birliyinin dəvəti ilə Azərbaycana səfərə gələn Fransız jurnalisti, yazıçısı, Beynəlxalq Reyn Dərnəyinin prezidenti, qadın və uşaq hüquqlarının müdafiəçisi Jerar Kardon və köməkçisi Fransua Nicolas “Yeni Azərbaycan” qəzetinin redaksiyasında olublar.

İctimai birlikdən AZƏRTAC-a bildirilib ki, səfər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan həqiqətləri Fransa mətbuatında” layihəsi çərçivəsində reallaşır.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Azərbaycan ilə Fransa dost və tərəfdaş ölkələrdir. Azərbaycan Prezidenti İlham Əliyevin Fransa ilə münasibətlərin inkişafına xüsusi diqqət yetirdiyini söyləyən deputat ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni və humanitar sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini bildirib. Hikmət Babaoğlu iki ölkə mediası arasında qarşılıqlı əlaqələrin daha da gücləndirilməsinin əhəmiyyətinə toxunub.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin aktuallıq kəsb etdiyini və dünya mediasının gündəmində yer aldığını deyən Hikmət Babaoğlu Azərbaycanın problemin həlli istiqamətində qətiyyətli mövqeyindən bəhs edib. Diqqətə çatdırılıb ki, Ermənistan qeyri-konstruktiv mövqe sərgiləməklə danışıqlar prosesini pozmağa çalışır. ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın bu istiqamətdə fəallıq nümayiş etdirdiyini diqqətə çatdıran baş redaktor deyib ki, Ermənistanın işğalçılıq siyasəti region üçün ciddi təhdid mənbəyidir.

Milli Məclisin deputatı həmçinin xatırladıb ki, bu il iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində yaşayan mülki əhalinin atəşə tutulması nəticəsində kənd sakinləri - 2 yaşlı Zəhra Quliyeva və onun nənəsi Sahibə Allahverdiyeva qətlə yetirilib. Bütün beynəlxalq ictimaiyyət tərəfindən də qətiyyətlə pislənilən bu hadisə erməni faşizminin, vandalizminin növbəti təsdiqidir. Baş redaktor vurğulayıb ki, insanlığa sığmayan bu hərəkət Ermənistan hakimiyyətinin terrorçu mahiyyətini ifşa edir.

Yazıçı Jerar Kardon bildirib ki, səfərin məqsədi ölkəmizin mədəniyyəti, adət-ənənələri, multikulturalizm və tolerantlıq mühiti ilə tanış olmaqla yanaşı, Azərbaycan qadınları haqqında kitab yazmaq niyyətini reallaşdırmaqdır. Jerar Kardon diqqətə çatdırıb ki, Azərbaycan qadınlarına həsr olunmuş əsəri iki hissədən ibarət roman şəklində yazmağı planlaşdırır. Birinci hissədə Azərbaycan qadınlarının həyatı, ailədə, cəmiyyətdə rolu, onların hüquqlarının qorunması işıqlandırılacaq, ikinci hissədə isə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində doğma yurdundan didərgin düşən, Xocalı faciəsi zamanı ermənilər tərəfindən yaxınları, ailə üzvləri qətl edilən, müsibətlərlə üzləşən qaçqın Azərbaycan qadınının taleyi yer alacaq.

Azərbaycanın böyük iqtisadi və hərbi potensiala malik olduğunu deyən Jerar Kardon Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini diqqətə çatdırıb.

“Kür-Xəzər” xeyriyyə ictimai birliyinin sədri Akif Kərimov səfər çərçivəsində keçirilən və planlaşdırılan görüşlər haqqında məlumat verərək, səfərin əsas məqsədinin Azərbaycan həqiqətlərinin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, qaçqın və məcburi köçkünlərlə bağlı məsələlərin, ölkəmizdəki multikulturalizm, tolerantlıq və birgə yaşayış ənənələrinin, Azərbaycanın sosial və iqtisadi inkişafı ilə bağlı vəziyyətin Fransa mətbuatında işıqlandırılmasından ibarət olduğunu bildirib.

Jerar Kardon səfər çərçivəsində Füzuli rayonunun Alxanlı kəndinə gedəcəyini, orada Zəhra Quliyevanın ailəsi ilə görüşəcəyini bildirib. Mülki şəxslərin, o cümlədən körpələrin, qocaların qətlə yetirilməsinin insanlığa yaraşmayan hərəkət olduğunu deyən yazıçı faşizmin təzahürü olan bu kimi hadisələrin bir daha təkrarlanmaması üçün işğal faktının aradan qaldırılmasının vacibliyini vurğulayıb.

http://azertag.az/xeber/1081314

 

Arxiv üzrə axtarış