Tədqiqatçı İlan Sialom: Cənubi Qafqazda sabitlik Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır (AzerTac.az)
Fransanın “Alternatives-Economiques” portalında Avropa Proqnozlaşdırma və Təhlükəsizlik İnstitutunun tədqiqatçısı, geosiyasətçi İlan Sialomun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müsahibəsi yayılıb.
Tədqiqatçı münaqişənin tarixindən danışaraq Azərbaycan torpaqlarının 25 ildir Ermənistan tərəfindən işğal olunduğunu bildirib. O, ötən ilin aprel ayında baş vermiş dörd günlük müharibə, eləcə də bu ilin iyul ayında Füzuli rayonunun Alxanlı kəndində Ermənistan silahlı qüvvələri tərəfindən balaca Zəhranın və onun nənəsinin qətlə yetirilməsi haqqında məlumat verib. Bildirib ki, ermənilərin bu təxribatı barədə Avropa Parlamentinə müraciət olunub, erməni təcavüzü pislənilib və Ermənistan silahlıları tərəfindən mülki şəxslərin hədəfə alınmasının qəbuledilməz olduğu diqqətə çatdırılıb.
İlan Sialom Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının yaratdığı təhlükələr barədə də söhbət açıb. O, stansiyanın köhnə və təhlükəli vəziyyətdə olduğunu, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin onun bağlanmasını məsləhət gördüyünü bildirib.
Geosiyasətçi BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, rəsmi Yerevanın işğal siyasətini hələ də davam etdirdiyini vurğulayıb. Status-kvonun qəbuledilməz olduğunu bildirən İ.Sialom münaqişənin sülh yolu ilə həllinin həvalə olunduğu ATƏT-in Minsk qrupunun fəaliyyətinin heç bir nəticə vermədiyini diqqətə çatdırıb. O, Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqətin artırılmasının vacibliyini qeyd edib. Vurğulayıb ki, Cənubi Qafqazda sabitlik Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır.
Tədqiqatçı müsahibəsində Polad Bülbüloğlunun UNESCO-nun baş direktoru vəzifəsinə namizədliyinin irəli sürülməsi məsələsinə də toxunub. Bildirib ki, Bakının mədəniyyətlərarası dialoqun təşviqində iştirakı, eləcə də sülh mədəniyyətini müdafiə etmək iradəsi bu namizədliyin tam mənasını əks etdirir. O, Azərbaycanda mühüm beynəlxalq tədbirlərin keçirilməsinə də diqqəti cəlb edib.