Azərbaycan və Fransa şirkətləri arasında əməkdaşlığın inkişafı üçün böyük potensial var (AzerTac)
Azərbaycanın Fransa Respublikasındakı səfiri Rəhman Mustafayev Fransanın Alzas regionunda işgüzar səfərdə olub.
Səfər çərçivəsində səfir Rəhman Mustafayev Müluz şəhərinin meri, Müluz Alzas aqlomerasiyasının vitse-prezidenti Jan Rottner ilə görüşüb.
J. Rottner Azərbaycana səfərini, Prezident İlham Əliyev ilə görüşünü məmnuniyyətlə xatırlayaraq, ölkəmizə heyran olduğunu bildirib və onunla bağlı xoş təəssüratlarını bölüşüb.
Görüşdə tərəflər qarşılıqlı əməkdaşlığın inkişafına toxunaraq, onun daha da dərinləşdirilməsində maraqlı olduqlarını bildiriblər. Yuxarı Alzas Universiteti ilə əməkdaşlığın məhsuldar olması diqqətə çatdırılıb.
Ticarət, iqtisadiyyat, təhsil, mədəniyyət sahələrində regionlararası əlaqələrin əhəmiyyətinə toxunan tərəflər hər iki ölkənin şirkətləri arasında əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu vurğulayıblar.
J. Rottner bildirib ki, artıq bir neçə ildir Müluzda keçirilən yarmarkada ölkəmiz müvəffəqiyyətlə təmsil olunur. Mer Müluzun qardaşlaşdığı Yevlax şəhərinin də bu il noyabr ayında keçiriləcək yarmarkada iştirak etməsini arzulayıb. Belə tədbirlərin ölkəmizin yaxından tanıdılmasında böyük əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.
Bu sahədə əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin vacibliyi vurğulanaraq, bu istiqamətdə perspektivlər müzakirə olunub.
Səfir Rəhman Mustafayev Müluza səfəri çərçivəsində bu şəhərdə yaşayan Azərbaycan icmasının üzvləri ilə də görüşüb.