2017-10-04

Bakıda Avstriyanın milli bayramı münasibətilə qəbul təşkil olunub

Oktyabrın 4-də Avstriyanın Bakıdakı səfirliyi bu ölkənin milli bayramı – Milli Gün və Avstriya-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 25 illiyi ilə əlaqədar rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, qəbul Azərbaycanın və Avstriyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Səfir Aksel Vex tədbirdə çıxış edərək Avstriya Milli Gününün tarixi, ölkəsinin keçdiyi inkişaf yolu haqqında məlumat verib. O, Azərbaycan ilə Avstriya arasında əlaqələrin inkişafından məmnunluğunu bildirib. Yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirildiyini deyən səfir iqtisadiyyat, təhsil, səhiyyə, mədəniyyət sahələrində əlaqələrin daha da genişləndirilməsinin önəmini diqqətə çatdırıb. Diplomat ölkələrimiz arasında əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avstriya xalqını milli bayram münasibətilə təbrik edib, sülh və əmin-amanlıq arzularını çatdırıb. Səməd Seyidov bildirib ki, diplomatik münasibətlərimizin qurulduğu ötən 25 ildə ölkələrimiz arasında əməkdaşlıq uğurla inkişaf edir. Həyata keçirilən qarşılıqlı səfərlər, imzalanmış çoxsaylı sənədlər münasibətlərin genişlənməsinə təkan verir. Azərbaycanın Avstriya ilə münasibətlərə xüsusi önəm verdiyini vurğulayan komitə sədri ulu öndər Heydər Əliyevin 2000-ci ildə, Prezident İlham Əliyevin 2013-cü və 2016-cı illərdə Avstriyaya səfərlərinin əlaqələrimizin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.

Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, diplomatlar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

https://azertag.az/xeber/Bakida_Avstriyanin_milli_bayrami_munasibetile_qebul_teskil_olunub-1099650

Arxiv üzrə axtarış