GUAM xarici işlər nazirlərinin geniş formatda görüşü olub
Görüşdə üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə dair sənədlər imzalanıb
Tbilisi, 8 oktyabr, AZƏRTAC
GUAM-ın yaranmasının 20-ci ildönümü ilə əlaqədar təşkilata üzv ölkələrin xarici işlər nazirlərinin geniş formatda görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə təşkilatın yaranmasından keçən 20 il ərzində görülən işlər, qarşıda duran vəzifələr, strateji planlar, təhlükəsizlik, dövlətlərin ərazi bütövlüyü, münaqişələrin həlli, regionda həyata keçirilən irimiqyaslı enerji və infrastruktur layihələri, GUAM daxilində əməkdaşlığın möhkəmləndirilməsi məsələləri müzakirə olunub. Toplantıda GUAM ilə digər beynəlxalq təşkilatlar arasında əməkdaşlıq məsələləri də diqqət mərkəzində olub.
Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze tədbiri açaraq GUAM-ın 20 illik fəaliyyətindən danışıb. O, GUAM-a üzv ölkələrin iqtisadi inkişafında, beynəlxalq nüfuzunun artmasında təşkilatın rolunu xüsusi qeyd edib. Nazir regional təhlükəsizlik, eləcə də Xəzər və Qara dəniz hövzələrində təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərindən bəhs edib, irimiqyaslı enerji və infrastruktur layihələrinin region və Avropa ölkələri üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov GUAM-ın üzv ölkələrin əməkdaşlığı üçün vacib platformaya çevrildiyini vurğulayıb. Bildirib ki, GUAM üzv ölkələrin ərazisində münaqişələrin həlli məsələsində səylərin birləşdirilməsində vacib rol oynayır.
GUAM-ın nüfuzunun gündən-günə artdığını deyən nazir əməkdaşlığın səmərəli olacağını bildirib. Qeyd edib ki, üzv dövlətlər əlaqələri gücləndirmək üçün, ilk növbədə, müstəqilliklərini möhkəmləndirməli, məruz qaldıqları işğal faktından qurtulmalıdırlar. GUAM-a üzv olan dörd ölkə demək olar ki, oxşar problemlərdən əziyyət çəkir. Bunun üçün də əməkdaşlıq daha da gücləndirilməlidir. Bu, üzv ölkələrin inkişafına və əhalisinin firavan həyatının təmin olunmasına gətirib çıxaracaq.
Elmar Məmmədyarov deyib: “GUAM-a üzv dövlətlərin ərazi bütövlüyünün pozulması ilə bağlı Azərbaycanın müvafiq bəyanatları var. Biz beynəlxalq hüququn tələblərinə uyğun olaraq ərazi bütövlüyü çərçivəsində ölkələrin sərhədlərini tanıyırıq. Bu istiqamətdə səylərimizi davam etdirəcəyik”.
Azərbaycan xarici siyasət idarəsinin rəhbəri regionda həyata keçirilən irimiqyaslı layihələrin, xüsusən də Avropa ilə Asiyanı birləşdirən qədim İpək yolunun, bu layihənin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun iqtisadi əlaqələrimizin inkişafında mühüm rol oynadığını qeyd edib. Humanitar, mədəni, turizm və idman sahələrində əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu vurğulayan nazir digər ölkələri də bu sahələrdə birgə əməkdaşlığa dəvət edib.
Sonra Ukraynanın xarici işlər naziri Pavlo Klimkin, Moldovanın xarici işlər naziri Andrey Qalbur, GUAM-ın baş katibi Altay Əfəndiyev çıxış edərək təşkilatın fəaliyyət prinsipləri və perspektivləri ilə bağlı fikirlərini bölüşüblər. Bildirilib ki, GUAM regional təşkilat olaraq siyasi platformaya malikdir və üzv ölkələr bir çox məsələlərdə, xüsusilə də ərazi bütövlüyü məsələsində vahid mövqedən çıxış etməlidirlər.
Görüşdə müşahidəçi qismində ABŞ-ın, Yaponiyanın, Vişeqrad qrupunun, Baltik Assambleyasının nümayəndələri, habelə, Tbilisidə akkreditə olunmuş bəzi ölkələrin səfirliklərinin əməkdaşları iştirak ediblər.
Sonda fəaliyyət planı və əməkdaşlığın genişləndirilməsinə dair sənədlər imzalanıb.
https://azertag.az/xeber/GUAM_xarici_isler_nazirlerinin_genis_formatda_gorusu_olub-1100695